​Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi 14% artırılır

​Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi 14% artırılır Maliyyə naziri Samir Şərifov: "Xarici valyuta tələb edən investisiya layhələri ilə bağlı manat ifadəsində xərclərimizi artırmalıyıq"
Maliyyə
28 Yanvar , 2016 17:37
​Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi 14% artırılır

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinə yenidən baxılması zərurəti dünya iqtisadiyyatındakı proseslər, o cümlədən büdcənin əsas gəlir mənbəyi olan neftin 2014-cü ildən başlayan ucuzlaşması ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Bu, adekvat addımların atılmasını düzgün hesab edirik. Ötən il analoji tədbir nəticəsində ilk növbədə Neft Fondunun 2,2 mlrd. dollar həcmində xarici valyutasının qənaətinə nail olduq. Nəticədə ilkin olaraq 1,7 mlrd. manat həcmində nəzərdə tutulan büdcə kəsiri 633 mln. manata enib".

Nazir ötənilki büdcənin icrasına gəldikdə gəlirlər üzrə proqnozun 88,2%, xərclər üzrə isə 84,3% səviyyəsində icra olunduğunu qeyd edib: "Xərclərin ixtisarı 20% olduqda hökumət həmin məsələni parlament qarşısında qaldırmalıdır. Lakin ixtisarlar həmin səviyyədə olmadığından, bunun parlamentə çıxarılması məqsədəuyğun hesab edilməyib".

"2015-ci ildə müəyyən qənaət olub. Dövlət qarşısında bütün vəzifələri icra etmişik. Bütün sosial, xarici öhdəliklərin icrası, həmçinin bir sıra beynəlxalq təbirlərin həyata keçirilməsi təmin edilib. 2016-cı ilin büdcəsinə gəldikdə, hazırda hökumət tərəfindən büdcənin dürüstləşdirilməsi üzrə iş aparılır. Bu, neftin qiymətinin düşməsi ilə bağlıdır ki, bu da Azərbaycanın gəlirlərinə təsirsiz ötüşmür. Neftin 4 dəfə ucuzlaşması valyuta daxilolmalarını əhəmiyyətli şəkildə azaldıb. Bu ilin dövlət büdcəsi hazırlanan zaman baza qiyməti 50 dollar/barel səviyyəsində götürülüb. Bu, 2015-ci il üçün düzgün rəqəm olub və ən mötəbər beynəlxalq təşkilatların proqnoz göstəricilərində hətta bundan da yuxarı səviyyə göstərilib. Buna baxmayaraq, neftin qiyməti 2015-ci ilin IV rübündə daha sürətlə azalıb və 30 dollardan da aşağı düşüb. Bu şəraitdə dövlət büdcəsinin gəlirlərini yaranmış yeni reallıqlara uyğunlaşdırmalıyıq. 2016-cı ilin icmal büdcəsində xam neftin qiyməti 25 dollar/barel səviyyəsində götürüləcək. Bu, mühafizəkar yanaşmadır", - deyə nazir qeyd edib.

S.Şərifovun fikrincə, artıq dünya bazarında neftin qiyməti ən aşağı səviyyəyə düşüb, bundan sonra qiymətin sabitləşməsi, ilin ikinci yarısında isə bir qədər artması ehtimal olunur.

"Mərkəzi Bankın manatın məzənnəsinin ucuzlaşması barədə qərarı olub. Manatın məzənnəsində dəyişikliyi də nəzərə almalıyıq, çünki xarici borca xidmət xarici valyutada aparılır. Eyni zamanda, digər xarici öhdəliklər - beynəlxalq təşkilatlarda iştirak haqları, xaricdəki səfirliklər və nümayəndəliklərin maliyyələşməsi, xarici valyuta tələb edən investisiya layhələri ilə bağlı manat ifadəsində xərclərimizi artırmalıyıq", - deyə nazir əlavə edib.

"Neft Fondunun gəlirləri məntiqi olaraq azalıb. Həmçinin, aşağı səviyyədə vergi daxilolmaları alacağıq, habelə qeyri-neft sektorundan da vergi daxilolmalarında bir qədər azalma baş verir. Yenidən baxılan büdcə həm gəlirlər, həm də xərclər üzrə 2 mlrd. manat çox olacaq. Təsdiq olunmuş gəlirlər 14,5 mlrd. manat səviyyəsində idisə, dürüstləşmiş büdcəsdə 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulur. Bununla yanaşı, xərclər də 2 mlrd. manat artacaq və 18,2-18,3. mlrd manat olacaq. Büdcə kəsiri 1,7 mlrd. manat nəzərdə tutulur ki, bunun örtülməsi üçün də imkanlar tapmalıyıq. 2015-ci ilin sonunda vahid xəzinə hesbının qalığı 1,4 mlrd. manat olub və bu vəsaiti kəsirin örtülməsinə yönəldirik. Qalan hissə isə dövlət börc kağızlarının buraxılması, xarici qrantlar və özəlləşdirmə hesabına örtüləcək", - deyə S.Şərifov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi