Azərbaycanın prosessinq mərkəzləri fəaliyyətini bərpa edib

Azərbaycanın prosessinq mərkəzləri fəaliyyətini bərpa edib Ötən gün Azərbaycanda internet təminatı ilə bağlı yaranan problem elektron ödənişlərdə ləngimələrə səbəb olub
Maliyyə
17 Noyabr , 2015 13:08
Azərbaycanın prosessinq mərkəzləri fəaliyyətini bərpa edib

Bakı. 17 noyabr. REPORT/ "AzeriCard" və "MilliKart" prosessinq mərkəzlərində dünən ölkədə internet təminatında müşahidə olunan məhdudiyyətlə əlaqədar yaranan problemlər artıq aradan qaldırılıb.

"MilliKart" Prosessinq Mərkəzindən "Report"a bildirilib ki, internetdə yaranan problem bütün sistemi deyil, yalnız həmin provayderin dəstəklədiyi hissədə müşahidə olunub. Onun sözlərinə görə, ödənişlərdə ləngimələrdə müşahidə olunan problem elə dünən axşam saatlarında aradan qaldırılıb.

"Dünən internetdə yaranan problem bizim işimizdə də problem yaratdı, bir az ləngimələr olub. Bu artıq aradan qaldırılıb. Biz yalnız bir internet provayderlə işləmirik. Ona görə də bütün sistemdə problem yaranmamışdı. Ancaq hansı provayderdəki nasazlıq vardı, o sistemə təsir edib. Bizdə bir balaca ödənişlərin edilməsində ləngimələr yaradıb ki, bu da artıq həll olunub və sistem adi qaydada işləyir. Problem dünən axşamdan həllini tapıb. Bildirək ki, həmin sistemin yarıdan çox hissəsi problem yaranan provayderlə işləyir", - deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, "MilliKart" MMC 13 banka xidmət göstərir. Həmin banklar tərəfindən 170 mindən artıq ödəniş kartları emissiya edilib, 300-dən artıq bankomat və 3 mindən artıq POS-terminal quraşdırılıb.

"AzeriCard" Prosessinq Mərkəzindən də problemin elə dünən qısa müddət ərzində həll olunduğu bildirilib. Ödənişlərdə ləngimələr yalnız bir neçə dəqiqə ərzində müşahidə olunub. Qeyd edək ki, "AzeriCard"ın 1996-cı ildə ölkədə ilk prosessinq təşkilatı kimi əsası qoyulub. 

Qeyd edək ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verməsi ilə əlaqədar olaraq dünən Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Bununla əlaqədar bankların bir çox əməliyyatlarında da məhdudiyyətlər olub. 

Son xəbərlər

Orphus sistemi