Yuxarı

Azərbaycandakı devalvasiya bank sektoruna 1 mlrd. manat zərər vurub

Cavanşir Abdullayev: Ölkədə kapital bazarının inkişafı üçün mütləq şəffaflıq təmin olunmalıdır

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın bank sektorunda dollar kreditlərinin müştərilər tərəfindən ödənilməsi səviyyəsi 70%-dir. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev deyib: "Hazırda ölkədə ən yaxşı bankda istehlak kreditinin qaytarılması isə 50%-dir".

"Azərbaycan bank sektorunda kredit marjası 4,5%-dir. Bankların insanları soyması və kreditləşmədən 18% gəlir əldə etməsi kimi yalnış fikirlər səslənir. Bankların vəsaiti 12%-lə alıb 30%-lə verməsi insanları aldadır. Çünki qazanc 18% deyil. Ölkənin maliyyə bazarı inkişaf etməyib, ona görə də banklar kreditləri əsasən əmanətlər hesabına maliyyələşdirir və onlar həmin əmanətləri istiqraz yaxud digər maliyyə alətində qiymətləndirə bilmir. Ona görə də əmanət yerləşdirildikdən, onun kredit verilməsinə kimi müddətdə bu pul gəlir gətirmir", - deyə ABTM rəhbəri qeyd edib.

Mərkəzin direktoru vurğulayıb ki, Avropada bankların pulunun cəmi 3-5%-i kassada, 30-35%-i istiqrazlarda, daha 30-35%-i kreditlərdə, qalan 30-35%-i isə digər maliyyə alətlərinə yerləşdirilir. Azərbaycanda isə bankların resurslarının 20-25%-i kassada, 75-80%-i kreditlərdə olur.

"Azərbaycanda dollarlaşma səviyyəsi hazırda 80%-dir. Yəni, Mərkəzi Bankın dövriyyədə olan pulun 20%-nə gücü çatır. Rusiyada isə bu göstərici cəmi 40%-dir. Azərbaycan maliyyə sektorunun 94%-i bank sisteminin payına düşür. Ölkədə kapital bazarının inkişafı üçün mütləq şəffaflıq təmin olunmalıdır", - deyə C.Abdullayev bildirib.

ABTM başçısı son vaxtlar Azərbaycanda milli valyutanın nisbi möhkəmlənməsini dövriyyədə olan manat kütləsinin azlığı ilə əlaqələndirir: "Həmçinin, valyuta tutumlu malların idxalının və onlara tələbatın azalması da buna təsir edir. Azərbaycan bank sektoru ən çox 2014-cü ildə gəlir əldə edib. Həmin ildə banklar 250 mln. manat qazanıblar. Lakin iki devalvasiyadan banklar 1 mlrd. manat itirib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi