Yuxarı

​Azərbaycandakı bankların xalis xarici aktivlər üzrə mənfi saldosu 9% artıb

Mənfi saldonun artması xalis aktiv və öhdəliklərin azalması ilə bağlıdır

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xalis xarici aktivləri 2015-ci il iyunun 1-nə 2 368,8 mln. manat mənfi saldo ilə tamamlanıb. Bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 199,7 mln. manat və ya 9,2% çoxdur.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, mənfi saldonun artması xalis aktivlər və xalis öhdəliklərin azalması nəticəsində baş verib. Belə ki, xalis xarici aktivlər 327 mln. manat və ya 6,5%, xalis xarici öhdəliklər isə 148,4 mln. manat və ya 2% azalıb.

Manatla depozitlər iyun ayının 1-nə mayın 1-i ilə müqayisədə 26,1 mln. manat və ya 0,6% azalaraq 4 554,2 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 1 918,5 mln. manat və ya 29,6% olub. Qeyd edək ki, manatla depozitlərin pik dövrü 2014-cü ilin dekabr ayına təsadüf edib və 7 275,8 mln. manat təşkil edib.

Xarici valyutada olan depozitlər isə mayda 63,8 mln. manat və ya 0,8% azalaraq iyunun 1-nə 7 914,9 mln. manata düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4 642,2 mln. manat və ya 2,4 dəfə artıqdır. Qeyd edək ki, xarici valyutada saxlanılan depozitlərin həcmi məhz mayın 1-nə ən yüksək həddə (7 978,7 mln. manat) olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi