​Azərbaycandakı bankların məcmu depozit portfeli azalıb

​Azərbaycandakı bankların məcmu depozit portfeli azalıb Xarici valyutada yerləşdirilən müddətsiz depozitlər isə artıb
Maliyyə
8 İyul , 2015 16:04
​Azərbaycandakı bankların məcmu depozit portfeli azalıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş məcmu depozit portfelinin həcmi 2015-ci il iyunun 1-nə 18 575,3 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 255,8 mln. manat və ya 1,4% azdır. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bunun strukturunda əhalinin əmanətləri iyunun 1-nə 7 601,1 mln. manat olub və əvvəlki ayla müqayisədə 116,1 mln. manat və ya 1,5% azalıb.

Eyni dövrdə, maliyyə təşkilatlarının banklardakı depozitləri 6 142,6 mln. manat olub və mayda 121,1 mln. manat və ya 1,9% azalıb.

Depozit və əmanətlərin strukturuna nəzər saldıqda əsas azalma xarici valyutada olan müddətli hesablarda qeydə alınıb. Əvvəlki ayla müqayisədə bu depozitlərin həcmi 281,4 mln. manat və ya 2,6% azalaraq 10 432,1 mln. manat təşkil edib. Əksinə, xarici valyutada tələb olunanadək depozitlər isə 76 mln. manat və ya 2,4% artaraq 3 186,2 mln. manata çatıb.

Qeyd edək ki, hesabat ayında manatla müddətli depozitlər 53,8 mln. manat və ya 1,7% azalaraq 2 994,7 mln. manat təşkil edib.

Xatırladaq ki, aprel ayında bankların məcmu depozit portfeli tarixi maksimuma - 18 831,1 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi