Azərbaycanda yeni sığorta tənzimlənmə sisteminin istifadəsinə başlanılıb

Azərbaycanda yeni sığorta tənzimlənmə sisteminin istifadəsinə başlanılıb Bu, sığorta şirkətlərinə qarşı irəli sürülən tələblərin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədi ilə tətbiq olunub
Maliyyə
3 Noyabr , 2014 10:53
Azərbaycanda yeni sığorta tənzimlənmə sisteminin istifadəsinə başlanılıb
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədi ilə hazırlanmış yeni proqram təminatının noyabrın 3-dən tətbiqinə başlanılıb. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Yeni sistemin istifadəsi ilə əlaqədar olaraq İSB tərəfindən cari ilin sentyabr ayından başlayaraq sığorta şirkətlərinin zərərlərin tənzimlənməsi üzrə nümayəndələrinə proqram təminatının istifadəsi ilə bağlı təlimlər keçirilib.

Qeyd edək ki, yeni proqram təminatı vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə Büro üzvü olan sığorta şirkətlərinə qarşı irəli sürülən tələblərin tənzimlənməsi prosesinin həyata keçirilməsi mümkün olacaq.

Qurumdan verilən məlumata görə, yeni sistemin bir neçə üstünlüyü var. Belə ki, ilk növbədə sığorta tələbləri üzrə şifahi müraciətdən başlayaraq sığorta ödənişinin verilməsinədək, həmçinin subroqasiya işinin yekunlaşdırılmasınadək prosesin idarə edilməsi mümkündür. İkincisi, sığorta tələbinin tənzimlənməsinin müvafiq mərhələlərində sistemin texniki imkanları hesabına iş üzrə SMS, elektron poçt və ya rəsmi məktub vasitəsi ilə məlumatlandırma, misal üçün informasiya sistemində sığorta tələbi qeydiyyatı mərhələlərində (sığorta tələbinin qeydiyyatı, təsdiqi, ödənişi) sistemdən ərizəçiyə, zərərçəkən şəxsə, faydalanan şəxsə SMS, elektron poçt vasitəsilə bildirişlərin göndərilməsi asanlaşacaq.

Bu sistemin işə başlaması ilə müvafiq sığorta tələbi üzrə çatışmayan sənədlərin sistem tərəfindən müəyyən olunması, sığorta tələbini irəli sürən şəxsin, o cümlədən sığorta şirkətinin həmin sığorta tələbi ilə işləyən əməkdaşının bu barədə məlumatlandırılması, həmçinin sığorta tələbinə dair müxtəlif (sığorta ödənişləri və s. haqqında) hesabatların birbaşa Exel, PDF formatına köçürülməsi, aylıq, rüblük , illik hesabatların əldə olunması daha əlçatan olacaq.

Yeni sistemin sığorta tələbləri və sığorta hadisələri barədə daha ətraflı və dolğun statistik məlumatların əldə edilməsi baxımından da işəyarayan olacağı deyilir.

Xatırladaq ki, sistemin tətbiqinə başladıqdan bir müddət sonra vətəndaşlar üçün Büronun internet səhifəsi üzərindən sığorta tələbinin statusunun öyrənilməsi, sığorta tələbi haqqında qısa tarixçənin əldə edilməsi imkanı da yaradılacaq.

Son xəbərlər

Orphus sistemi