​Azərbaycanda yeni hesablaşma agentləri yaradılır

​Azərbaycanda yeni hesablaşma agentləri yaradılır İlkin olaraq, "Xalq Bank" və "Paşa Bank"ın bu funksiyaları yerinə yetirəcəyi gözlənilir
Maliyyə
18 Aprel , 2016 16:10
​Azərbaycanda yeni hesablaşma agentləri yaradılır

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılandan sonra Milli Depozit Mərkəzi (MDM) ilə bağlı bəzi yeniliklər tətbiq edilməyə başlanıb. Bunu “Report”a açıqlamasında Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov deyib.

"Qiymətli kağızlar bazarında sənədlərin fiziki dövriyyəsini azaltmaq məqsədilə MDM-in ticarət sistemində ediləcək dəyişikliklərdən sonra hesab açılışı üçün sənədlərin fiziki olaraq MDM-ə təqdim edilməsinə ehtiyac olmayacaq. Belə ki, investorlara şəxsi hesabların açılması ilə bağlı bütün proseslər maliyyə vasitəçisi rolunu oynayan investisiya şirkətləri vasitəsilə həyata keçiriləcək. Yəni qiymətli kağızı almaq istəyən şəxs - investor investisiya şirkətinə müraciət edir, müvafiq xidmət üzrə müqaviləni imzalayır və müştərinin bütün məlumatları MDM-in elektron sisteminə yüklənilir. Bundan sonra isə investisiya şirkəti tərəfindən müştəriyə şəxsi hesab açılır", - deyə C.İbrahimov əlavə edib.

Assosiasiya rəhbəri həmçinin yeni qanunvericiliyə əsasən investisiya qiymətli kağızlarının yalnız adlı, sənədsiz formada mövcud olduğunu da bildirib: "Daha öncə qiymətli kağızlar həm sənədli, həm də sənədsiz formada mövcud idi və sənədli qiymətli kağızlar fiziki olaraq saxlanmalı idi. Lakin ötən il qəbul edilmiş dəyişikliklərdən sonra isə səhm və istiqrazlar yalnız sənədsiz adlı qiymətli kağızlar olmaqla, onların saxlanması, alqı-satqısı yalnız elektron qaydada mümkündür. Bu isə qiymətli kağızların saxlanması, reyestri və ticarətini daha da sadələşdirib. Qeyd edim ki, qiymətli kağızın alınması üçün ödənişi investisiya şirkətinə də ödəmək olar”.

AFBİA rəsmisinin sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda qiymətli kağızların alqı-satqısı üçün vəsaitlərin köçürülməsi xüsusi təyinatlı kommersiya banklarında (hesablaşma agentlərində) açılmış hesablar vasitəsilə həyata keçiriləcək: "Hazırda qiymətli kağızların icrası MDM-də açılmış pul hesabları vasitəsilə həyata keçirilir, lakin yaxın gələcəkdə bu, fərqli qaydada aparılacaq. Belə ki, əqdlərin icrası üçün pul hesabları ancaq xüsusi banklarda açılacaq ki, onlar da "hesablaşma agentləri" adlanacaq. İlkin olaraq, “Xalq Bank” və “Paşa Bank” ASC-nin bu funksiyaları yerinə yetirəcəyi gözlənilir. Lakin digər banklar da hesablaşma agenti fəaliyyəti üzrə müraciət edə və MDM ilə müvafiq müqavilə bağlıya bilər. MDM yalnız bu öhdəliklərin hesablanması və yerinə yetirilməsi, yəni klirinq fəaliyyəti ilə məşğul olacaq".

Son xəbərlər

Orphus sistemi