Yuxarı

​Azərbaycanda sığortanın təbliği məqsədilə xüsusi plan hazırlanır

Planın reallaşdırılmasına 2016-cı ilin əvvəlindən başlanması nəzərdə tutulub

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) 2016-cı il üzrə sığorta maarifləndirilməsi sahəsində Marketinq Planının hazırlanmasına həsr edilmiş görüş keçirilib.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, Sığorta Maarifləndirilməsi Sahəsində Marketinq Planı Azərbaycanda sığorta işinin təbliği, sığortanın faydalarının geniş əhali kütləsinə izahı, eləcə də müxtəlif sığorta növləri barədə məlumatlandırılmasını nəzərdə tutur. 12 yerli sığorta şirkətinin marketinq direktorlarının qatıldığı görüşdə maarifləndirmənin əhatə edəcəyi sahələr müzakirə edilib.

Qeyd olunub ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir. Bu tədbirlər geniş əhali kütləsinin sığortadan istifadəyə marağını artıracaq.

Sığorta maarifləndirilməsi üzrə Marketinq Planında ölkə əhalisinin bütün mümkün vasitələrlə - TV, radio, internet və çap materialları vasitəsilə sığorta barədə maksimum məlumatlandırılması hədəflənir.

Görüşdə qərara alınıb ki, sığorta şirkətləri Marketinq Planı ilə bağlı təkliflərini bir həftə ərzində ASA-ya təqdim etsin. Toplanmış təkliflər əsasında və ümumi müzakirədən sonra dekabrın sonunda Marketinq Planının hazırlanması başa çatdırılacaq. Planın reallaşdırılmasına isə 2016-cı ilin əvvəlindən başlanması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi