Azərbaycanda sığortalanan valyuta əmanətləri üzrə maksimal faiz həddi 3%-ə salınıb

Azərbaycanda sığortalanan valyuta əmanətləri üzrə maksimal faiz həddi 3%-ə salınıb Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12% müəyyən edilib
Maliyyə
1 Mart , 2016 18:23
Azərbaycanda sığortalanan valyuta əmanətləri üzrə maksimal faiz həddi 3%-ə salınıb

Bakı. 1 mart. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla Fondun Himayəçilik Şurasının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, bu gündən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddini 12% müəyyən edib. "Report" xəbər veri ki, bu barədə ƏSF-nin saytında məlumat verilib.

Bu gün qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, Fondun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

Qeyd edilən tarixdən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir.

Qorunan əmanətçilərin 1 mart 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklarda mövcud olan və illik faiz dərəcələri ƏSF-nin Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Son xəbərlər

Orphus sistemi