Yuxarı

​Azərbaycanda sığortalanan əmanətlərlə bağlı faiz məhdudiyyəti ləğv oluna bilər

ƏSF əmanətlərin sığortalanması ilə bağlı təkliflərini Mərkəzi Bank və nazirliklərə təqdim edib

Bakı.13 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) qorunan əmanətlərlə bağlı təklifləri artıq müvafiq qurumlara təqdim edib. Bu barədə "Report"a ƏSF-nin icraçı direktoru Azad Cavadov məlumat verib.

"Qorunan əmanətlər üzrə faiz dərəcəsi limitinin aradan qaldırılması təklif olunur. Əgər təkliflər qəbul olunarsa, faiz dərəcəsi ləğv olunacaq. Bu təklif bizim tərəfimizdən müzakirə olunub. Himayəçilər Şurasının iclasında da müzakirədən keçib. Təklifləri hökumətə Fond təqdim etmir, biz nazirliklərlə müzakirə edirik, nazirliklər də onu hökumətə verir. Artıq təkliflər Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Banka göndərilib".

A.Cavadov, həmçinin kompensasiya məbləğinin ləğvi barədə mətbuatda onun adından yazılanların doğru olmadığını deyib: "Mətbuatda mənim adımdan bu barədə yazılanlar doğru deyil. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Qanunvericiliyin səlahiyyətindədir."

Qeyd edək ki, ən son 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb. Belə ki, hazırda üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab edilir.

Hər bir sığorta hadisəsinə görə, qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları ƏSF-yə yalnız üzv banklar tərəfindən ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi