​Azərbaycanda Sığorta Tədris Mərkəzi fəaliyyətə başlayıb

​Azərbaycanda Sığorta Tədris Mərkəzi fəaliyyətə başlayıb İlk tədris olunan isə Peşəkar Sığortaçı Sertifikasiyası proqramı olacaq
Maliyyə
29 Oktyabr , 2015 10:19
​Azərbaycanda Sığorta Tədris Mərkəzi fəaliyyətə başlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb. "Report"un ASA-nın məlumatına istinadən verdiyi xəbərə görə, Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.

STM-də təşkil ediləcək ilk tədris proqramı sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramıdır.

PSS proqramı Tədris Mərkəzi nəzdində təşkil olunacaq və 3 moduldan ibarət olacaq. Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən təşkil olunan imtahanlarda uğur qazanan sığortaçılara PSS proqramı üzrə sertifikat təqdim olunacaq. Sertifikatların Maliyyə Nazirliyi tərədindən tanınması nəzərdə tutulub.

Qeyd edək ki, PSS proqramında dərs vəsaiti kimi, dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı istifadə olunacaq.

Proqramın 1-ci modulu 1 ay davam edəcək və 12 dərsdən ibarət olmaqla, ümumi sığorta prinsiplərinə aid olacaq. Dərslər həftədə 3 dəfə olmaqla (həftənin 1, 3 və 5-ci günləri), saat 09:30-dan 11:30-dək davam edəcək.

Tədris planına uyğun olaraq 1-ci modul üzrə dərslər bu ilin 11 noyabr - 11 dekabr tarixlərində keçiriləcək. Modulun tədrisi yekunlaşandan sonra imtahan təşkil olunacaq. 1-ci modulun yekunları üzrə keçiriləcək imtahanda müvəffəqiyyət qazananlara bununla bağlı arayış veriləcək.

Tədris proqramının 1 modulunda iştirak haqqı 280 manat təşkil edir.

Proqram üzrə təlimlər ASA-nın ofisində (Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, "Babək Plaza") keçiriləcək.

Son xəbərlər

Orphus sistemi