Yuxarı
    Bağlamaq

    Azərbaycanda sığorta sektorunun inkişafına dair əsas istiqamətlər müzakirə edilib

    MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb

    Bakı. 15 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb.

    Bu barədə “Report”a Palatadan bildirilib.

    Məlumata görə, ötən il sığorta şirkətlərinin rəsmiləri ilə bir neçə məhsuldar görüşlərin keçirildiyini xatırladan R.Aslanlı bu görüşlərin bu il də uğurla davam edəcəyini qeyd edib. 2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından birinin sığorta sektorunun inkişafı olacağını vurğulayan sədr sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirib.

    Görüş zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyi xüsusi vurğulanıb. Rüfət Aslanlı, həmçinin bildirib ki, sığorta şirkətləri sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə müştərilərlə yanaşı, rəhbərlik etdiyi qurumun qarşısında da cavabdeh olacaqlar.

    Görüş 2016-cı ilin nəticələri və sığorta sektorunun mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan təqdimatın nümayişi və sektorun rəqabət qabiliyyətliliyin daha da artırılması istiqamətində nəzərdə tutulan tədbirlərə dair geniş müzakirələrlə davam edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi