Firdovsi Ağaşirinov: “Sığortalıların Elektron Mərkəzi Məlumat Sisteminin yaradılması sui-istifadə hallarının qarşısını alacaq” - MÜSAHİBƏ

Firdovsi Ağaşirinov: “Sığortalıların Elektron Mərkəzi Məlumat Sisteminin yaradılması sui-istifadə hallarının qarşısını alacaq” - MÜSAHİBƏ Maliyyə Bazalarına Nəzarət Palatasının (Palata) Sığorta Fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinovun “Report”a müsahibəsi
Maliyyə
25 İyul , 2019 15:56
Firdovsi Ağaşirinov: “Sığortalıların Elektron Mərkəzi Məlumat Sisteminin yaradılması sui-istifadə hallarının qarşısını alacaq” - MÜSAHİBƏ

Maliyyə Bazalarına Nəzarət Palatasının (Palata) Sığorta Fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinovun “Report”a müsahibəsi

Nazirlər Kabinetinin təsdiqi etdiyi “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” sərəncamında qeyd olunan sığorta sahəsində hansı beynəlxalq təcrübə öyrəniləcək?

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası zamanı hər bir tədbir ilə bağlı ayrıca beynəlxalq təcrübənin araşdırılması və öyrənilməsi zəruridir. Bu məqsədlə sığorta sektoru mütərəqqi inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi nəzərdə tutulub.

Eləcə də tədbirlər planında nəzərdə tutulan yeni mexanizmləri tətbiq edib müvəffəqiyyət əldə etməyən ölkələrin təcrübəsinə də baxılması nəzərdə tutulub ki, yeni mexanizmlərin tətbiq edilməsi zamanı yol verilən nöqsanlar öyrənilsin və təkrarlanmasın. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycanda “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”nin ikinci fazasının (FSMP2) icrası çərçivəsində Dünya Bankının ekspertləri ilə sığorta sektorunun inkişafı ilə bağlı işlər aparılmaqdadır.

Sığortanın ÜDM-də payı nə qədərdir və bu rəqəmlərin artırılması üçün qarşıdakı planlar hansılardır?

- 2018-ci ilin statistik göstəricilərinə nəzər salındıqda qeyd olunmalıdır ki, sığorta yığımları 728 milyon manat olub. Bu rəqəm ötən 5 ilin statistik göstəriciləri ilə müqayisə edildikdə 68%-lik artımı özündə ehtiva edir.

ÜDM-də sığorta sektorunun yığımları 0,91%, qeyri-neft ÜDM-də isə 1,6%-ə yüksəlib. 2019-cu ilin ilk rübü ərzində sığorta haqlarının qeyri-neft ÜDM-də payı 1,9% təşkil edib.

Əvvəlki sualda qeyd edildiyi kimi ölkənin sığorta sektorunda həm yeni sığorta növləri, həm də yeni mexanizmlər yaradılacaqdır. Tədbirlər Planının icrası nəticəsində formalaşdırılacaq yeni sığorta növləri və yeni mexanizmlər sığorta sektorunda yığımların artmasına və sektorun böyüməsinə şərait yaradacaqdır. Sığorta yığımlarının artması sığorta sektorunun payının ÜDM-də artması ilə nəticələnəcəkdir.

Azərbaycan sığorta sektoruna xarici investorları cəlb etmək üçün hansı işlər görülür?

-Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Azərbaycan sığorta bazarının inkişafı fonunda sektora yeni mexanizmlərin tətbiq edilməsi və ictimaiyyətdə sektora etimadın yüksəldilməsinə nail olunulacaqdır ki, bu da sektorun investisiya cəlbediciliyini artıracaqdır. Azərbaycan sığorta bazarına xarici investorların cəlb edilməsi ilə bağlı qanunvericiliyin təhlil edilməsi və sığorta qanunvericiliyinin Beynəlxalq Sığorta Prinsiplərinə uyğunlaşdırılması proseslərinə başlanılıb.

Əlavə olaraq qeyd olunmalıdır ki, 28 iyun 2019-cu il tarixdə Azərbaycanda “Azərbaycan sığorta bazarı: imkanlar və trendlər” adlı Beynəlxalq Forum çərçivəsində iştirak etmiş xarici ölkə nümayəndələrinə və Forum iştirakçılarına Azərbaycan sığorta bazarının investisiya imkanları və cəlbediciliyi barəsində də təqdimat həyata keçirilib.

Ölkədə hansı yeni sığorta növlərinin yaradılması gündəmdədir?

-Tədbirlər Planının icrası nəticəsində ölkənin sığorta sektorunda yeni mexanizmlərin tətbiqi ilə yanaşı, yeni sığorta növlərinin də yaradılması nəzərdə tutulub. Belə ki, həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün, Sığorta agentlərinin peşə məsuliyyətinin sığortası növünün, Tikinti-inşaat zamanı tikinti aparan şəxslərin mülki məsuliyyətinin icbari sığortası növünün və saxlanc yerlərinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün formalaşdırılması nəzərdə tutulub.

Eyni zamanda sığorta sektorunun inkişaf etdirilməsi ilə bağlı sığorta sektorunda yeni mexanizmlər də tətbiq olunacaqdır. Bu yeni mexanizmlərə misal olaraq kənd təsərrüfatı sığortası mexanizmini, müştərək sığorta mexanizmini, mikro sığorta mexanizmini, sığortalıların elektron mərkəzi məlumat sistemini, könüllü sığorta növləri üzrə qarantiya mexanizmini və s. qeyd etmək olar.

Strateji kənd təsərrüfat məhsulları üzrə sığorta məhsulları hazırlanan zaman nəzərə alınacaq vacib məqamlar hansılardır?

Kənd təsərrüfatı sığortası məhsullarının formalaşdırılması zamanı beynəlxalq təcrübəyə istinad edilməklə yerli bazarın xüsusiyyətləri, statistik məlumatlar, torpaq-iqlim şəraiti ilə bağlı məlumatlar və əvvəlki dövrlərdə baş vermiş hadisələr ilə bağlı əldə olunan statistik məlumatlar nəzərə alınacaqdır.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə təkmilləşdirilmənin aparılması üçün qanunvericiliyə hansı dəyişikliklərin edilməsi gözlənilir?

- “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə ehtiva olunan icbari sığorta növlərinin, eləcə də “Sərnişinlərin icbari fərdi qəza sığortası” növünün təkmilləşdirilməsi Tədbirlər Planında nəzərdə tutulub. Qanun qəbul edildikdən sonrakı dövr ərzində həmin növ üzrə aparılmış fəaliyyətin diaqnostikasının aparılması nəzərdə tutulub. Təhlillərin nəticəsinə və beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalar əsas götürülərək icbari sığorta növlərinin təkmilləşdirilməsi həyata keçiriləcəkdir.

Sığortalıların Elektron Mərkəzi Məlumat Sistemi nə vaxt yaradılacaq və bunun sığortalılara faydası?

- Sığortalıların Elektron Mərkəzi Məlumat Sisteminin formalaşdırılması ilə bağlı həyata keçiriləcək layihə böyük həcmli və geniş əhatəli olduğundan layihənin icra müddəti Tədbirlər Planına əsasən 2019-2021-ci illəri əhatə edir. Sığortalıların Elektron Mərkəzi Məlumat Sistemi sığorta sektorunda mövcud olan bütün sığorta şirkətlərinin müştərilərinin – sığortalıların qüvvədə olan və müddəti bitmiş sığorta polisləri, baş vermiş sığorta hadisələri, sığorta tarixçələri ilə bağlı məlumatlarını özündə ehtiva edən vahid elektron məlumat bazasıdır.

Reyestrin yaradılmasında məqsəd sığortalılar haqqındakı müəyyən məlumatların vahid mərkəzi reyestrdə yerləşdirilməsi, bu yolla hər hansı bir növ üzrə sığorta məhsulunu əldə etmək üçün müraciət edən şəxsin sığorta tarixçəsinin olub- olmaması, olduğu halda həmin şəxsin müştəri profili, ödəmə qabiliyyəti və icra intizamı, sığorta hadisələrinin həmin şəxsə münasibətdə hansı tezlikdə baş verməsi ilə bağlı məlumatların (riskin dərəcəsinin) digər sığortaçılarla paylaşılması, şəxsin müştəri profilinə müvafiq olaraq sığorta haqqı və sığorta ödənişi müəyyənləşdirilməsi və yaranmış hər hansı sui-istifadə və dələduzluq hallarından digər sığortaçıların xəbərdar olmasının təmin edilməsi, bununla da, bu kimi halların qarşısının alınması və sığorta sektoruna olan etimadın artırılmasından ibarətdir.

Azərbaycanda belə bir vahid mərkəzi reyestr olmadığına görə sığorta şirkətləri digər şirkətlərin müştəri profillərindən xəbərsiz olurlar. Bu isə sui-istifadə ilə məşğul olan müştərilərin bu kimi fəaliyyətlərinə geniş şərait yaradır. Eyni cür “qurulmuş” sığorta hadisəsi nəticəsində müxtəlif sığorta şirkətlərindən sığorta ödənişi tələb edilməsi halları belə bir sistemin yaradılmasını zəruri edir. Sistem həmçinin sığortalılarında mənafeyinə xidmət edəcəkdir. Belə ki, heç bir zaman sığorta hadisəsi olmayan sığortalı ilə riski böyük olan sığortalı arasında hal-hazırda heç bir fərq mövcud deyil (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istisna olmaqla). Bu sistem vasitəsilə sığorta hadisəsi olan sığortalı barədə bütün sığorta sektoru məlumatlı olacaq və sığorta riskləri düzgün qiymətləndiriləcəkdir. Nəticədə həm sığortalılar, həm sığortaçılar, həm də maliyyə sektoru fayda əldə edəcəkdir.

Sığorta qanunvericiliyinin İCP prinsiplərinə uyğunlaşdırılması zərurəti haradan yaranmışdır?

-Ölkə başçısının rəhbərliyi ilə respublikada aparılan islahatlar fonunda görülən işlərə kompleks şəkildə yanaşılır. Belə ki, ölkənin inkişafına töhfə verən yaradılmış yeni mexanizmlərlə yanaşı, tətbiq edilən mexanizmlərin və tənzimləmə çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilməkdədir.

Qeyd olunmalıdır ki, beynəlxalq arenada sığorta münasibətləri daim inkişaf edir və yeni mexanizmlər tətbiq edilir. Belə mexanizmlərin tətbiq edilməsi mütləq şəkildə tənzimləmə çərçivəsinin formalaşdırılmasını və təkmilləşdirilməsini zəruri edir. Ölkəmizdə sığorta sektorunun inkişaf etdirilməsi proseslərinə kompleks şəkildə yanaşıldığından tənzimləmə çərçivəsinin də beynəlxalq sığorta prinsiplərinə və beynəlxalq standartlara uyğunlaşdırılması zəruridir.

Tədbirlər Planının icrası nəticəsində ölkədə həm sığorta sahəsinə nəzarətin həyata keçirilməsi, həm də sığorta sektorunda tətbiq edilən mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulub. Belə ki, Tədbirlər Planının icrası nəticəsində sığorta nəzarətinin risk əsaslı nəzarətə uyğun olaraq həyata keçirilməsinə, Solvency II prinsiplərinin tətbiq edilməsinə, CARAMELS əsaslı nəzarət metodologiyasının tətbiq edilməsinə, “Sığorta müqavilələri” adlı 17 nömrəli Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq edilməsinə, EİOPA hesabatlarının yerli sığorta bazarına uyğunlaşdırılaraq tətbiq edilməsinə, sığortaçıların auditini həyata keçirən kənar auditorlarla bağlı tələblərin formalaşdırılmasına nail olunulacaqdır.

Zərərlərin vahid tənzimlənməsi ilə bağlı qaydaların hazırlanması hansı çatışmazlıqların olmasından irəli gəlib?

- Könüllü sığorta növlərinin əsaslandığı könüllü sığorta qaydalarının vahid formaya salınması Tədbirlər Planında nəzərdə tutulub. Qeyd olunan qaydaların vahid şəklə salınması prosesi zərərlərin vahid tənzimlənməsini zəruri edir. Yəni sığorta müqavilələrinin əsaslandığı qaydalar vahid şəkildə olacaq və zərərlər vahid qaydalar əsasında tənzimlənəcək.

Sığortaçılarda yoxlamaların keçirilməsinin onların işlərinə nə kimi təsir edəcək?

-Palata tərəfindən nəzarət subyektlərində aparılan yoxlamanın məqsədi nəzarət subyektlərinin fəaliyyətinin sığorta qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsini, həmçinin nəzarət subyektinin maliyyə sabitliyini yerində araşdırma aparmaqla qiymətləndirməkdir. Sığorta sahəsində aparılan yoxlamalar sektorun maliyyə dayanıqlılığının möhkəmləndiirlməsinə və istehlakçıların mənafeyinin müdafiəsinə müsbət təsir edəcəkdir.

Son xəbərlər

Orphus sistemi