Yuxarı

​Azərbaycanda sığorta ilə bağlı şikayətlərin sayı artıb

Komissiyanın sədri Müşfiq İsrafilov: Bütün şikayət və müraciətlər hər çərşənbə günü qəbul olunacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda müştərilərin sığorta sahəsi ilə bağlı şikayətlərinin sayı artıb və artım davam edir. Təqdim olunan sığorta şikayətlərinin araşdırılması məqsədi ilə  komissiya yaradılıb. Komissiyaya Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov təyin olunub.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilən Sığorta Agentlərinin III Milli Forumunda iştirak edən DSNX-nin rəis müavini M.İsrafilov özü məlumat verib: "Bizə Prezident Administrasiyasından da sığorta ödənişlərinin ödənilməməsi və sığorta ilə bağlı dövlət başçısına şikayət və ərizələrin sayının artmasına dair məktub daxil olub. Bu şikayətlərin araşdırılmasını həyata keçirəcəyik. Hər çərşənbə 15:00-dan 17:00-dək həmin komissiyada "açıq qapı" olacaq və hər bir vətəndaş öz şikayət və müraciətini ünvanlaya bilər".

Rəis müavini qeyd edib ki, əgər 2014-cü ildə DSNX-yə 1 170 şikayət daxil olubsa, əvvəlki il bu göstərici 738 olub. Buna baxmayaraq, bu müraciətlərin yalnız 20%-i əsaslıdır. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti avtonəqliyyat vasitələrinin sığortası ilə əlaqədardır.

Sığorta agentlərindən 4% deyil, 20%-lə gəlir vergisinin tutulması ilə bağlı sualı cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri bu məsələnin yaxın vaxtlarda həllini tapacağını deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr aparılır: "Həm Nazirlik, həm də sığortaçılarla müzakirələr aparılır. Qanuna yanaşmada müxtəliflik var. Ümid edirik ki, yaxın günlərdə məsələ öz həllini tapacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi