Yuxarı

Azərbaycanda sığorta daxilolmalarına görə qeyri-həyat sığortası liderlik edir

Yanvar-may aylarında qeyri-həyat sığortası üzrə 150 mln. manat sığorta haqqı yığılıb

Bakı. 17 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası üzrə yığılan hər 100 manat sığorta haqqının 43,9 manatı geri qaytarılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur. Yığılan sığorta haqlarına görə qeyri-həyat sığortası liderlik edir. "Report" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

"Yanvar-may aylarında 150,3 mln. manat qeyri-həyat sığortası üzrə sığorta haqqı yığılıb. Bu isə ümumi sığorta haqlarının 72,4%-i deməkdir. Onun 40 mln. manatı yaxud 26,6%-i tibbi sığorta, 30 mln. manatı yaxud 20%-i avtomobillərin icbari sığortası, 13,4 mln. manatı yaxud 8,9%-i daşınmaz əmlakın icbari sığortası, 12,9 mln. manatı və ya 8,6%-i kasko sığorta, qalan 42,2 mln. manatı və ya 28%-i isə digər sığorta növlərinə aiddir", - deyə O.Bayramov bildirib.

ASA sədri sığorta ödənişlərinin 66,3%-nin qeyri-həyat sığortasının payına düşdüyünü deyib: "Son 5 ayda sığorta ödənişlərinin 66,3%-i və ya 49,4 mln. manatı sığortanın qeyri-həyat hissəsinin payına düşür. Bu da ötən ilin eyni dövrü ilə 5,6% azdır. Ödənişlərin 41,7%-i yaxud 20,6 mln. manatı tibbi sığorta, 26,1%-i və ya 12,9 mln. manatı avtomobillərin icbari sığortası, 20,9%-i yaxud 10,3 mln. manatı kasko sığorta, qalan 11,3%-i və ya 5,6 mln. manatı digər qeyri-həyat sığortası növlərinin payına düşür".

O.Bayramov bu il qeyri-həyat sığortası üzrə ümumi yığılan vəsaitin hər 100 manatına görə 32,9 manatının ödəniş edildiyini və ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin 13,9% azaldığını deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi