Azərbaycanda səhm bazarı kəskin azalıb

Azərbaycanda səhm bazarı kəskin azalıb Bununla yanaşı, daxili bazarda xarici valyutada korporativ istiqrazlara maraq artıb
Maliyyə
18 Yanvar , 2016 14:54
Azərbaycanda səhm bazarı kəskin azalıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın maliyyə sektorunda likvidliyin daralması investorları vəsaitlərini daha likvid kağızlara yönləndirməyə sövq edib, investisiyaların səhm qiymətli kağızlarından daha likvid milli, eləcə də xarici valyutada nominasiya edilmiş korporativ istiqrazlara axınını təmin edib.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci il ərzində korporativ istiqrazlar bazarında bağlanan əqdlərin sayı əvvəlki illə müqayisədə 39%, həcmi isə 2% artaraq 3,5 mlrd. manat təşkil edib.

Korporativ istiqrazların ilkin bazarı 2014-cü illə müqayisədə 25% azalaraq 1,6 mlrd. manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarətinin 47% artaraq 1,9 mlrd. manata yüksəlməsi bütövlükdə korporativ istiqrazlar bazarının müsbət artım dinamikasını təmin edib.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarında əqdlərin həcmi 4,2 mlrd. manata çatıb. Korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu alətlərlə təkrar bazar əməliyyatları 59% artaraq 2,3 mlrd. manat təşkil edib.

Səhm bazarının aktiv iştirakçıları olan kommersiya banklarına qarşı kapital tələb artımının müddətinin bitməsi bazarın səhm seqmentinin əvvəlki illə müqayisədə azalmasına səbəb olub. Belə ki, dövr ərzində səhmlərin yerləşdirilməsinin 76% geriləməsi bütövlükdə səhm bazarında əməliyyatların həcminin 49% azalaraq 656,9 mln. manat təşkil etməsi ilə nəticələnib.

Korporativ qiymətli kağızlar sektorunda müşahidə olunan geriləmə qiymətli kağızlar bazarında əqdlərin həcminin əvvəlki illə müqayisədə 21% azalaraq 10,5 mlrd. manat təşkil etməsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi