Azərbaycanda sahibkarlar vergi yoxlamalarının birləşdirilməsini təklif edir

Azərbaycanda sahibkarlar vergi yoxlamalarının birləşdirilməsini təklif edir "AmCham" ekspertləri Vergilər Nazirliyinin vergi təhqiqatları aparmasını doğru hesab etmirlər
Maliyyə
22 Aprel , 2016 14:54
Azərbaycanda sahibkarlar vergi yoxlamalarının birləşdirilməsini təklif edir

Bakı. 22 aprel. REPORT.AZ/ Amerika Ticarət Palatasının (AmCham) Azərbaycan hökumətinə iqtisadi islahatlarla bağlı təqdim etdiyi təkliflər paketində vergi cinayətləri ilə bağlı təkliflər də var. 

Bunu “Report”a açıqlamasında "AmCham"ın Vergi və gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəyli deyib: "Mövcud qanunvericiliyə əsasən, 2 min manatdan artıq məbləğdə vergidən yayınma faktı aşkarlanan zaman bu, vergi cinayəti sayılır. Hesab edir ki, bu, çox aşağı məbləğdir və bunun artırılmasını təklif etdik".

Komitə sədri bildirib ki, "AmCham" Vergilər Nazirliyinin vergi təhqiqatları aparmasını da doğru hesab etmir: “Vergilər Nazirliyinin həm vergi siyasətini həyata keçirməsi, həm də vergi təhqiqatları aparması düzgün deyil. "AmCham"ın vergi cinayətləri ilə bağlı təklifini Prezident Administrasiyası istəyib, biz də təqdim etmişik. Məsələn, Gürcüstanda bu rəqəm Azərbaycandakından dəfələrlə çoxdur”.

B.Aslanbəylinin sözlərinə görə, vergi cinayətləri ilə bağlı məsələlərdə interpretasiya fərqi (hesablanma mexanizminə fərqli yanaşma) nəzərə alınmalıdır: “Əgər sahibkar planlı şəkildə vergidən yayınırsa, bu, başqa məsələdir. Lakin sahibkarın qanunvericiliklə bağlı interpretasiyası vergi müfəttişinin qanunvericiliyə yanaşmasından fərqlidirsə, bu da başqa məsələdir. Yəni sahibkar dövriyyəsini gizlətmir, sadəcə, qanunvericiliyə yanaşması fərqlidir. Hətta rəqəm fərqi 25 min manatdan artıq olsa belə, bu, cinayət məsuliyyəti yaratmamalıdır”.

"AmCham" rəsmisi hökumətə inzibati islahatlarla bağlı hər hansı təklifin verilmədiyini də açıqlayıb: “Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yoxlamalarının birləşdirilməsi ilə bağlı təkliflərimiz var. Sahibkarların vergiyə cəlb edilən əməkhaqqı bazasını həm Vergilər Nazirliyi, həm də DSMF yoxlayır. Təcrübədə o da mövcuddur ki, həmin baza ilə bağlı hər iki qurumun fərqli yanaşması olur və bu, əlavə problemlər yaradır. Ona görə də təklif etmişik ki, DSMF-nin yoxlama hüququ əlindən alınaraq Vergilər Nazirliyinə verilsin".

Son xəbərlər

Orphus sistemi