Yuxarı

Azərbaycanda riskli mikromaliyyə aktivləri 14%-dən azdır

Bank sektorunda xanım müştərilər üzrə kreditlərdə gecikmə 15%, kişilər üzrə isə 32%-dir

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın mikromaliyyə sektorunda risk aktivlərinin həcmi 14%-i keçmir. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva "Qadınların inkişafında mikromaliyyənin rolu" mövzusunda bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda xanım sahibkarların sayı qənaətbəxş sayılır: "Azərbaycanda qadınlarla kişilərin payı təxminən yarı-yarıyadır. Müştəri seqmentinə baxdıqda, yanvar ayının sonuna əsasən, ölkədə bank müştərilərinin 20%-i, bank olmayan kredit təşkilatlarının (BOKT) isə müştərilərinin 25%-i qadınlardır. Avropada isə bu göstərici 30%-dir".

J.Hacıyeva bildirib ki, yanvar ayının sonuna bank məlumatlara əsasən, kommersiya banklarında xanım müştərilər üzrə kreditlərdə gecikmə 15% təşkil edirsə, kişilər üzrə bu göstərici 31-32%-dir. Onun sözlərinə görə, mikromaliyyə sektorunda qadınlar əsasən 1 000-1 500 manat məbləğində vəsait götürməyə üstünlük verirlər. 

Cari ilin yanvarın 31-nə Azərbaycanda 685,267 mln. dollar həcmində kredit portfeli olan mikromaliyyə təşkilatları hazırda 115 747 (23,5%) qadın müştəriyə maliyyə xidmətləri göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi