Yuxarı

​Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qanun layihəsi hazırlanıb

Qanun istənilən aktivin qiymətli kağıza çevrilərək maliyyə bazarlarında ticarət olunması üçün imkan yaradacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda hazırlanan "Qiymətli kağızlar haqqında" yeni qanun layihəsində maliyyə institutlarının spesifikası nəzərə alınaraq ayrıca lisenziyalaşdırma mexanizmi müəyyən olunub. "Report"un məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib: "Lisenziyalar müddətsiz veriləcək və lisenziyaların verilməsi üçün üç qrup maliyyə, təşkilati və peşəkarlıqla əlaqədar tələblər müəyyən olunub".

R.Aslanlı qeyd edib ki, ölkədə təşkil olunan investisiya şirkətləri bu gün fəaliyyət göstərən digər maliyyə institutlarından prinsipial şəkildə fərqlənir. Həmçinin qanun layihəsində bir neçə yeni mühüm nüanslar əksini tapıb və bunların birincisi kapital bazarlarının prinsiplərində edilən dəyişikliklərlə bağlıdır: "Üç tip investisiya şirkətlərinin fəaliyyəti nəzərdə tutulur və bunların hər biri mürəkkəbliyinə görə müəyyən maliyyə xidmətləri göstərəcək".

"İkincisi, kapital bazarlarının bir sıra anlayışları, baza prinsipləri kökdən dəyişilir. Artıq qiymətli kağız anlayışı yenilənir və bugünkü Mülkü Məcəllədə müəyyən olunmuş dar mənadan daha geniş mənaya, yəni təsərrüfat müqaviləsi mənasına çevrilir. Faktiki olaraq yeni qanun istənilən aktivin qiymətli kağıza çevrilərək maliyyə bazarlarında ticarət olunması üçün imkan yaradacaq", - deyə QKDK başçısı qeyd edib.

Eyni zamanda, bundan törəyərək bu gün kapital bazarında ticarət olunan bir sıra alətlər artıq bazardan çıxarılacaq. Klassik qiymətli kağızlar bazarının ticarət aləti olmayan çeklər, müəyyən növ sertifikatlar və s. artıq tənzimlənən bazardan uzaqlaşdırılacaq.

"Üçüncüsü, tənzimlənmə məsələlərinə dair müəyyən yeniliklər var. Lisenziyalaşdırma bu gün ümumi lisenziyalaşdırma çərçivəsində həyata keçirilir. Artıq maliyyə institutlarının spesifikasını nəzərə alaraq ayrıca lisenziyalaşdırma müəyyən olunub, lisenziyalar müddətsiz veriləcək və lisenziyaların verilməsi üçün üç qrup maliyyə, təşkilati və peşəkarlıqla əlaqədar tələblər müəyyən olunub", - deyə R.Aslanlı əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi