Yuxarı

Azərbaycanda qanunsuz mərc oyunları təşkil edilməsi üzrə 82 fakt aşkar edilib

İdarə rəisi həmçinin deyib ki, aksizli malların istehsalı və satışı ilə bağlı da bir sıra qanun pozuntuları aşkar edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisi tərəfindən 118 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib, bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib. “Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev qurumun rəsmi qəzetinə verdiyi müsahibədə qeyd edib.

İdarə rəisi, həmçinin deyib ki, aksizli malların istehsalı və satışı ilə bağlı da bir sıra qanun pozuntuları aşkar edilib:

“Aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 min manatlıq 22,6 min ədəd mal aşkar edilib. Eyni zamanda, kustar üsulu ilə spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək, bu hallar qanuna müvafiq qaydada rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göndərilib”.

T. Quliyev qanunsuz mərc oyunlarının keçirilməsi hallarına qarşı da mübarizə aparıldığını və bu sahədə bir sıra qanun pozuntusu faktlarının aşkar edildiyini xatırladıb:

“Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib. Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir. Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi