Yuxarı

​Azərbaycanda pul bazası 36% azalıb

Report: Pul bazasındakı mənfi dinamika dövriyyədəki nağd pulun azalması ilə bağlıdır

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda pul bazası göstəricisi 2015-ci il may ayının 1-nə 7 418,6 mln. manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 920,8 mln. manat və ya 11% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma 3 686,4 mln. manat və ya 33,2% olub. İlin əvvəlindən etibarən azalma isə 4 123,3 mln. manat və ya 35,7% təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, pul bazasının azalması iki komponentin, dövriyyədə olan nağd pul və ya bankların AMB-dəki müxbir hesablarında qalıqlarının azalması ilə bağlıdır: "Nəzərə alsaq ki, devalvasiyadan sonra bankların müxbir hesabları ancaq məcburi ehtiyatlar şəklində formalaşır, o zaman pul bazasındakı azalmanın dövriyyədə olan nağd pul vəsaitlərinin azalması səbəbindən baş verdiyi aydın olur".

Qeyd edək ki, AMB 2015-ci il martın 1-dən etibarən məcburi ehtiyat normasını 2%-dən 0,5%-ə endirib.

"Report"un analitikləri hesab edirlər ki, bu azalma bütün makroiqtisadi göstəricilərə təsir edəcək: "Devalvasiya nəticəsində manatın məzənnəsinin ABŞ dolları ilə müqayisədə kəskin azalmasının əslində pul bazasını artırması gözlənilirdi. Çünki subyektlərin xarici valyutanın yenidən milli valyutaya konvertasiyası zamanı 35% daha artıq manat kütləsi əldə edəcəklərindən pul bazasında artım proqnozlaşdırılırdı. Lakin bu, baş verməyib. Hətta, əksinə azalma müşahidə olunur. Bunun səbəbi isə dollar ehtiyatlarını xərcləməyən əhalinin maliyyə bazarında mənfi gözləntiləri ilə bağlıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi