Yuxarı

Azərbaycanda problemli kreditlər məcmu bank kapitalının 37%-nə çatıb

Vaxtı keçmiş kreditlərin həcmi ÜDM-in 2,5%-nə yaxınlaşır

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda kredit təşkilatlarının vaxtı keçmiş kredit portfelinin həcmi 2016-cı il mart ayının 1-nə 1 329,5 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 14,9 mln. manat və ya 1,13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 191,3 mln. manat və ya 16,8% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2016-cı il martın 1-nə 6,5% təşkil edib. Qeyd edək ki, bu göstərici fevralın 1-nə 6,2%, keçən ilin analoji dövründə isə 5,5% olub.

Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 671,9 mln. manat təşkil edib. Bu, fevralın 1-nə nisbətən 12,4 mln. manat və ya 1,9% çox, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 151,8 mln. manat və ya 18,4% azdır. Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manat kreditlərində xüsusi çəkisi martın 1-nə 6,7% təşkil edib. Fevralın 1-nə bu göstərici 6,5%, keçən ilin analoji dövründə isə 6,7% olub.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 657,6 mln. manat təşkil edib. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə nisbətən 1,5 mln. manat və ya 0,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 343,1 mln. manat və ya 2,1 dəfə çoxdur. Bu kreditlərin məcmu valyuta kreditlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 6,4%, fevralın 1-nə 5,9%, keçən ilin analoji dövründə isə 3,7% təşkil edib.

Qeyd edək ki, problemli kreditlərin ÜDM-də xüsusi çəkisi 2015-ci ilin yekunda 2,45%, məcmu aktivlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 4%, məcmu bank kapitalına nisbəti isə 37,1% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi