Yuxarı

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 8,8 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ticarət dövriyyəsinin 4 472,1 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 371,0 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4%3,1% artıb.

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7%-i ticarət müəssisələri, 48,9%-i fərdi sahibkarlar tərəfindən, 32,4%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8% artıb, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda 3,5% azalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi