Azərbaycanda ötən il vergi qanunvericiliyinin pozulması halları artıb

Azərbaycanda ötən il vergi qanunvericiliyinin pozulması halları artıb Aparılan hər bir yoxlamaya orta hesabla 79 min manat hesablanmış əlavə vəsait düşür ki, bu da illik müqayisədə 8% çoxdur
Maliyyə
12 Yanvar , 2015 18:08
Azərbaycanda ötən il vergi qanunvericiliyinin pozulması halları artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü il ərzində səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib, bu dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905,4 mln. manatdan artıq əlavə vəsait hesablanıb. Bu məbləğin 62%-ni əlavə hesablanmış vergi məbləği, 38%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləğinin 215 milyon 774,5 min manat və ya 31,3% artdığı deyilir.

Ötən il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3% çoxdur.

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6%, əlavə dəyər vergisi 29,1%, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8%, sadələşdirilmiş vergi 1,6%, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1%, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4%, digər vergilər isə 5,5% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi