Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 132 491 müqavilə bağlanılıb

Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 132 491 müqavilə bağlanılıb Ötən ilin eyni dövrü ilə müqayisədə həm sığorta müqavilələrinin sayında, həm də sığorta haqlarının məbləğində 29% artım müşahidə edilib
Maliyyə
4 Avqust , 2017 14:39
Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 132 491 müqavilə bağlanılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 132 491 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

“Report” İSB-yə istinadən xəbər verir ki, bunlardan 19 314-ü xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədi ilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 343 618 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həm sığorta müqavilələrinin sayında, həm də sığorta haqlarının məbləğində 29% artım müşahidə edilib.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Noyabrın 1-nə qədər kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi