Yuxarı

Azərbaycanda orta aylıq əmək haqqı 6% artıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışanların 59%-i dövlət bölməsində fəaliyyət göstərir

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı bu ilin oktyabrın 1-nə 1 507,4 min nəfər olub və onlardan 883,7 min nəfəri (58,6%) iqtisadiyyatın dövlət bölməsində, 623,7 min nəfəri (41,4%) isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. “Report”un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Muzdla işləyənlərin 22,2%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 441,6 manat olub. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 415,0 manata bərabər olub və beləliklə 6,4%-lik artım müşahidə olunub.

İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi