Azərbaycanda ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb

Azərbaycanda ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb Bununla yanaşı, ödəniş/yığım nisbəti də yüksəlib
Maliyyə
6 İyul , 2017 14:56
Azərbaycanda ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərmiş 23 sığorta şirkəti (bunlardan 2-si - “Azərqarant” və “Beynəlxalq Sığorta” ASC-lər ləğvetmə prosesindədir) topladığı 240,1 mln. manat sığorta haqqının 97,9 mln. manatını, yəni 40,8%-ni müştərilərinə ödəniş kimi geri qaytarıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi çoxdur.

Bir il öncə bazarda mövcud olmuş 25 sığorta şirkətinin (bunlardan 2-si - “Alfa Sığorta” və “Buta Sığorta” ASC-lər bazarı tərk edib) daxilolmaları 242,1 mln. manat təşkil edib ki, bunun da 87,6 mln. manatı və ya 36,2%-i ödənişə yönəldilib.

Palatanın açıqladığı statistika göstərir ki, son bir ildə Azərbaycanda ödənişi yığımını üstələyən sığortaçıların sayı artıb. Belə ki, ötən ilin 5 ayının yekununda ödəniş/yığım nisbəti 100%-i keçən 3 şirkət olubsa, bu ilin 5 ayında yığdığından çox ödəyən şirkətlərin sayı 6 olub. Bunlar "Amrah Sığorta", "Atəşgah Həyat Sığorta", "Başak İnam Sığorta", "A-Group Sığorta", "Rəvan Sığorta", və "Qala Həyat Sığorta" ASC-lərdir. 

Qeyd edək ki, son bir ildə sığortaçıların ümumi sayı 25-dən 23-ə düşüb. Yəni, “xərci borcunu ödəməyən” şirkətlərin payı illik müqayisədə 12%-dən 26%-ə yüksəlib.

Xatırladaq ki, “Azərqarant” və “Beynəlxalq Sığorta” şirkətləri hesabat dövründə sığorta haqqı ödəmədikləri üçün onların ödəniş/yığım nisbətini hesablamaq mümkün deyil. Sözügedən göstərici sığorta şirkətlərindən 3-də – “Xalq Sığorta”, “AXA-Mbask” və “Azərbaycan Sənaye Sığorta” ASC-də 50-75%, 6 şirkətdə - “Azərsığorta”, “Atəşgah Sığorta”, “Standard Insurance”, “Atasığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-də 25-50%, 6 şirkətdə - “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Silkway Insurance”, “Meqa Sığorta”, “Günay Sığorta” və “Qala Sığorta” ASC-də isə 25%-dən də aşağıdır.

Sonda onu da bildirək ki, dünya təcrübəsində sığorta şirkətlərinin topladıqları sığorta haqlarının 60-65%-dən aşağı və yuxarı hissəsini ödənişə yönəltməsi normal hesab olunmur. Adətən xarici sığortaçılar yığımının 25-30%-ni xərclərə yönəldir, təxminən 10%-ni mənfəət kimi götürür, qalan hissəsini isə müştərilərinə geri qaytarır.

Son xəbərlər

Orphus sistemi