Yuxarı

Azərbaycanda nağdsız ödənişlərin həcmindəki artım tempi sürətlənib

ATM və POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin ümumi həcmi iyunda 10% artıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda POS-terminallar vasitəsilə 41 mln. manat həcmində 667 min əməliyyat həyata keçirilib. Mərkəzi Bankdan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmində 20,6% artım, sayında isə əksinə 22,3% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk yarısı ilə müqayisədə 11,4% artaraq cari ilin yanvar-iyun aylarında 215 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% azalaraq 23 mln. manat, sayı isə əksinə 75,5% artaraq 86 min ədəd olub. Hesabata əsasən, cari ilin yanvar-iyun aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 5,3% azalaraq 143 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə iyunda cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 10,4% artaraq 64 mln. manat təşkil edib. Yanvar-iyun aylarında isə bu göstərici illik müqayisədə 4,1% artaraq 358 mln. manata çatıb. 

Qeyd edək ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Təkliflərdən biri 1 000 manatdan yuxarı olan bütün ödənişlərin nağdsız aparılması tələbi, digəri isə bu ödənişlərə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi