Azərbaycanda milli valyutanın dövretmə sürəti artıb

Azərbaycanda milli valyutanın dövretmə sürəti artıb "Report": Bu, manat kütləsinin azalması nəticəsində baş verib
Maliyyə
10 Oktyabr , 2017 10:59
Azərbaycanda milli valyutanın dövretmə sürəti artıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,89 bənd təşkil edib.

"Report" Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,2 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,11 bənd artıb. Bu ilin yanvar ayının 1-nə isə manatın dövretmə sürəti 5,2 bənd təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Avqustda manatın dövretmə sürətinin artması dövriyyədə olan manat kütləsinin iyul ayı ilə müqayisədə 201 mln. manat və ya 1,77% azalması və aylıq inflyasiyanın 0,2% olması ilə bağlıdır.

"Cari vəziyyətdə manatın dövretmə sürətinin tədricən artması faktının təhlili onu göstərir ki, Azərbaycanda yumşaq inflyasiya davam edir, dövriyyədəki manat kütləsi isə yumşaq şəkildə azalır. Qeyd edək ki, yaxın aylarda manatın dövretmə sürətində, dövriyyədə olan nağd pul kütləsinin həcmində ciddi dəyişiklik gözlənilmir. Mövsümi olaraq növbəti aylarda inflyasiyanın sürətlənməsi fonunda manatın dövretmə sürətinin yumşaq şəkildə artıma davam etməsi mümkündür", - analitiklər qeyd ediblər.

"Report"un analitik qrupu bildirir ki, əgər manatın dövretmə sürətinin artması inflyasiyanın sürətlənməsi və ÜDM artımı fonunda manat kütləsinin sabit qalması ilə baş verirsə, bu, iqtisadiyyat üçün müsbət amildir: "Lakin ÜDM-in azalması, inflyasiya artımı və manat kütləsinin azalması fonunda baş verirsə, bu, iqtisadiyyatda durğunluq əlaməti sayılır".

Son xəbərlər

Orphus sistemi