Yuxarı

​Azərbaycanda manatla bank depozitləri ilin əvvəlindən 45% azalıb

Proqnoz: Dollarlaşma prosesinin davam edəcəyi gözlənilir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda manatla bank depozitlərinin ümumi həcmi (qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan) 2015-ci il sentyabrın 1-nə 4 038,7 mln.manat təşkil edib. Avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə azalma 438,5 mln.manat və ya 9,8% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlinə nisbətən depozitlərin həcmi 3 237,1 mln. manat və ya 44,5% azalıb. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə azalma 2 912,7 mln. manat və ya 41,9% təşkil edib.

Bununla yanaşı bildirilir ki, xarici valyutada yerləşdirilən depozitlərin həcmi sentyabrın 1-nə 8 187,7 mln. manat təşkil edib. Son bir ayda bu depozitlərin həcmi 186 mln. manat və ya 2,3% artıb. Yanvarın 1-nə nisbətən isə artım 4 057,4 mln. manat və ya 98,2%, keçən sentyabrın 1-i ilə müqayisədə isə 4 333,7 mln. manat və ya 112,4% olub.

Göründüyü kimi, valyuta depozitləri üzrə artım tendensiyası davam edir və dollarlaşma prosesi sürətlənir. Xarici valyutada depozitlərin həcmi manatla olan depozit bazasını 2 dəfədən artıq üstələyir. Maliyyə naziri Samir Şərifovun "manatın üzən məzənnəsi üçün optimal yol axtarılır" son açıqlaması isə dollarlaşmanın bundan sonra da davam edəcəyini göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi