Yuxarı

​Azərbaycanda manatın dövretmə sürəti beş illik maksimuma çatıb

Report: Pul kütləsinin azalması fonunda ÜDM-in artması paradoks təşkil edir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda manatın dövretmə sürəti 2015-ci il sentyabrın 1-nə 5,66 bənd təşkil edib. Bununla da dövretmə sürəti 2010-cu ilin iyul ayındakı maksimal həddə çatıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiyalı ÜDM-in dövriyyədə olan pul kütləsinə nisbətidir.

"Report"un analitik qrupu Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, avqust ayında 0,1% deflyasiya qeydə alınıb: "ÜDM-in artımı və pul kütləsindəki azalma pulun dövretmə sürətini artırıb. Lakin dövriyyədə olan pul kütləsinin azalması fonunda ÜDM-in artımı paradoks təşkil edir".

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi sentyabrın 1-nə 17 734,27 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan nisbətən 1 121,1 mln. manat və ya 5,9% azdır. İlin əvvəli ilə müqayisədə azalma 3 832,1 mln. manat və ya 17,8%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 572,1 mln. manat və ya 16,8% olub.

"Geniş mənada pul kütləsi özündə xarici valyutada əmanət və depozitləri birləşdirir. Bu səbəbdən, fevral ayında Azərbaycanda baş verən devalvasiyadan sonra geniş mənada pul kütləsində (M3) artım gözlənilirdi. Lakin bu göstəricinin il boyu azalması banklara inamın azalmasının nəticəsidir", - deyə "Report"un analitikləri qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi