Azərbaycanda manat əmanətlərinin həcmi 6 illik minimuma enib

Azərbaycanda manat əmanətlərinin həcmi 6 illik minimuma enib Xarici valyutada əmanətlər isə devalvasiya öncəsi səviyyəyə yaxınlaşıb
Maliyyə
13 İyun , 2016 16:10
Azərbaycanda manat əmanətlərinin həcmi 6 illik minimuma enib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 2016-cı il mayın 1-nə 7 685 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmi aprelin 1-nə nisbətən 203,9 mln. manat və ya 2,58%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 32,2 mln. manat və ya 0,41% azalıb.

Fiziki şəxlərin manatla əmanətlərinin həcmi mayın 1-nə 1 407,6 mln. manat təşkil edib. Bu, aprelin 1-nə nisbətən 104 mln. manat və ya 6,88%, 2015-ci ilin mayın 1-nə nisbətən isə 837,5 mln. manat və ya 37,3% azdır.

Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 100 mln. manat və ya 1,56% azalaraq, illik müqayisədə isə 805,1 mln. manat və ya 14,71% artaraq mayın 1-nə 6 277,3 mln. manat təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, fiziki şəxslərin əmanətlərinin azalması əhalinin artan xərcləri fonunda gəlirlərin getdikcə azalması ilə əsaslandırılır. 

Xatırladaq ki, manatla əmanətlərin həcmi 2010-cu il yekunundan da aşağı düşüb və 1 409,9 mln. manat təşkil edib. 

"Maraqlıdır ki, xarici valyutada əmanətlər 50%-lik devalvasiyaya baxmayaraq keçən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində cəmi 14,7% artması, bu sahədə real azalmaya işarə edir", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi