Azərbaycanda maliyyə sektoru üzrə xüsusi məşvərət şurası yaradılacaq

Azərbaycanda maliyyə sektoru üzrə xüsusi məşvərət şurası yaradılacaq Rüfət Aslanlı: "Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsinə ehtiyac var"
Maliyyə
13 May , 2016 17:00
Azərbaycanda maliyyə sektoru üzrə xüsusi məşvərət şurası yaradılacaq

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətləri ilə görüş keçirib. "Report"un Palataya istinadən verdiyi xəbərə görə, sığorta bazarındakı mövcud vəziyyəti müzakirə etmək üçün təşkil olunmuş görüşü giriş sözü ilə açan MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta sisteminin ölkə iqtisadiyyatında ev təsərrüfatları, biznes və bəzi hallarda dövlətin riksklərinin transfer mexanizmi və akkumulyativ investisiya kanalı kimi vacib funksiyalara malik olduğunu bildirib.

“Biz faktiki olaraq fəaliyyətə martın 31-də başlamışıq və ilk olaraq bank sektorundakı durumun diaqnostikası və həlli təcili olan problemlərlə məşğul olmuşuq. Bununla belə sığorta sektorunun ilkin diaqnostikasını həyata keçirmişik və müəyyən problemləri aşkarlamışıq. Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, hesabatlılığın inkişaf etdirilməsinə və maliyyə dayanıqlığının gücləndirilməsinə ehtiyac var. Hazırda bizim tərəfdən reallaşdırılan tənzimləmənin məqsədi ilk növbədə qlobal maliyyə böhranının neqativ təsirlərinin aradan qaldırılması, ödəmə qabiliyyətinin qabaqçıl standartlara uyğunlaşdırılması və beləliklə, sığorta şirkətlərinin regional və beynəlxalq rəqabətliliyini təmin etməkdən ibarətdir”, - deyə R.Aslanlı qeyd edib.

Azərbaycanda 2010-2015-ci illərdə sığorta yığımlarının 3 dəfə, sığorta ödənişlərinin isə 2 dəfə artığını bildirən Direktorlar Şurasının sədri bu kəmiyyət dəyişikliyi ilə yanaşı sektorda həmçinin keyfiyyət dəyişikliyinin olmasının vacibliyini və sığorta şirkətlərinin müştəri məmnuniyyətini artırmalı olduğunu vurğulayıb.

Görüşdə çıxış edən sığorta şirkətlərinin rəhbərləri onları narahat edən problemləri bildirməklə yanaşı gələcəkdə sığorta sahəsi üzrə qərar və qanunların müzakirəsi prosesində iştirak etmək istədiklərini bildiriblər.

Sonda R.Aslanlı MBNP yanında “think tank” funksiyasını daşıyacaq Məşvərət Şurasının yaradılacağını və bank sektoru, audit və konsaltinq şirkətləri ilə yanaşı sığorta şirkətlərinin də nümayəndələrinin Şuraya üzv olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi