Azərbaycanda ləğv edilmiş bankların əmanətçilərinə 141 mln. manat kompensasiya ödənilib

Azərbaycanda ləğv edilmiş bankların əmanətçilərinə 141 mln. manat kompensasiya ödənilib Ən çox vəsait isə "Texnikabank"ın əmanətçilərinə ödənilib
Maliyyə
28 Aprel , 2016 14:45
Azərbaycanda ləğv edilmiş bankların əmanətçilərinə 141 mln. manat kompensasiya ödənilib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sığorta hadisəsi baş vermiş üç bank - "Bank of Azerbaijan" ASC, "Gəncəbank" ASC və "Texnikabank" ASC-nin depozitləri qorunan əmanətçilərinə ümumilikdə 141,275 mln. manat həcmində kompensasiya ödəyib. "Report" bu barədə Fondun yaydığı məlumata istinadən xəbər verir.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna agent banklarda bu il yanvarın 29-dan başlanıb və həmin gündən etibarən 23,869 mln. manat kompensasiya ödənilib.

“Gəncəbank”da isə sığorta hadisəsi yanvarın 28-də baş verib, əmanətçilərdən ərizələrin qəbuluna fevralın 4-dən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.

“Texnikabank”ın əmanətçilərindən isə ərizələrin qəbuluna fevralın 12-də start verilib və indiyədək 116,535 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, ƏSF əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Son xəbərlər

Orphus sistemi