Yuxarı
    Bağlamaq

    Azərbaycanda kommersiya banklarına ucuz vəsait veriləcək

    AMB manatın cari məzənnəsi ilə bağlı heç bir riskin olmadığını bildirir

    Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq tələblərə cavab verəcək kommersiya banklarına ucuz maliyyə vəsaitləri verəcək. "Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov "ANS TV"-yə müsahibəsində bildirib: "Bunu mərhələ-mərhələ edəcəyik və resurslara qoşulmaq şərti bütövlükdə bankın tam requlyativ tələblərə cavab verməsi, onun bizim daxili reytinq sistemində yer alması olacaq".

    "Bununla AMB bankların cəlb olunan vəsaitlər baha olduğu üçün kreditlər də bahadır bəhanəsini aradan qaldırmış olacaq. Eyni zmanada, ucuz vəsaitdən istifadə edərək kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq", - deyə baş bankir qeyd edib.

    E.Rüstəmov bağlanan "Eurobank" ASC-də əhalinin əmanətləri olmadığını deyib, lisenziyası məhdudlaşdırılan "Azərbaycan Kredit Bankı" ASC-də isə depozitlər olsa da, Mərkəzi Bank narahatlığa əsas görmür: "İlkin analiz göstərir ki, Bankda əmanətləri qaytarmaq üçün kifayət qədər vəsait var. Digər tərəfdən də bir hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur. Artıq müvəqqəti inzibatçı çalışır. Bu, bir az vaxt alacaq, çünki bu əmanətlərin məbləği, əsl sahibləri və ünvanları bir daha dəqiqləşdirilməlidir. Çalışacağıq ki, çox qısa müddətdə əmanətçilərin qanuni tələbləri təmin edilsin".

    Bununla yanaşı, AMB sədri hazırkı vəziyyətdə manatın cari məzənnəsi üçün heç bir risk görmədiyini deyib: “Neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. Neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi