Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kommersiya bankları dolların alışını kəskin artırıb

    Nağd dolların satışını dayandıran kommersiya bankları bazar ertəsi elan olunacaq rəsmi məzənnəni gözləyir

    Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın banklararası valyuta bazarında kommersiya banklarının ABŞ dollarına cari tələbatı kəskin artıb. Bunun nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına gündəlik dollar satışı sürətlə artır.

    "Report"un bank dairələrinə istinadən verdiyi xəbərə görə, ötən iki iş günü ərzində banklar cari tələbata uyğun olaraq AMB-dən 370 mln. dollar həcmində Amerika valyutası alıb. Bunun 47%-i və ya 176 mln. dolları avqustun 20-də, qalan 53%-i və yaxud 194 mln. dolları isə avqustun 21-də satılıb.

    Müşahidəçilər hesab edirlər ki, dollara olan tələbatın bu şəkildə artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır.

    Qeyd edək ki, avqustun 21-də ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0479 AZN/USD, avronun məzənnəsi isə 1,1814 AZN/EUR səviyyəsində müəyyənləşdirilib. Qanunvericilikdə nəzərdə tutulan marja (+/-2%) nəzərə alınarsa, mübadilə məntəqələri dolları və avronu maksimum 1,0689 AZN və 1,2050 AZN-ə sata bilər.

    Qeyri-rəsmi məlumatlara görə isə AMB ötən gün dolların maksimal satış məzənnəsini 1,0550 AZN/USD səviyyəsində məhdudlaşdırıb.

    Bütün bu amilləri nəzərə alaraq bu gün, avqustun 22-də əksər mübadilə məntəqələri artıq səhər saatlarında nağd dolların satışını dayandırıb. Müşahidəçilər bunu kommersiya banklarının AMB-nin bazar ertəsi, avqustun 24-ü üçün müəyyənləşdirəcəyi rəsmi məzənnələri gözləməsi ilə əlaqələndirirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi