Yuxarı

Azərbaycanda kommersiya bankı bağlanıb

Daha bir bankın isə fəaliyyəti məhdudlaşdırılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasında “Evrobank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. 

“Evrobank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə Banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılıb, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda Bankda əhalinin əmanətləri də yoxdur.

“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, Bank qeyri-prudensial idarə olunur və AMB-nin məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır və “Azərbaycan Kredit Bankı”nın fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

"AMB əhalinin əmanətləri və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyi və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılması və sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür ki, atılan addımlar da bunlardandır. Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib", - deyə Mərkəzi Bankın bügünkü rəsmi açıqlamasında bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi