Azərbaycanda iqtisadi geriləmə tempi 4,2%-ə düşüb

Azərbaycanda iqtisadi geriləmə tempi 4,2%-ə düşüb Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmət istehsalının müvafiq olaraq 37% və 10% azalması olub
Maliyyə
16 İyun , 2016 10:56
Azərbaycanda iqtisadi geriləmə tempi 4,2%-ə düşüb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda 21 512,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 4,2% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmət istehsalının müvafiq olaraq 37,0% və 9,5% azalması olub.

Eyni zamanda, informasiya və rabitə sahələrində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,4%, emal sənayesində 2,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 1,9%, mədənçıxarma sənayesində isə 1,5% artıb.

Bu dövrdə ÜDM-in 39,8%-i sənayedə, 12,2%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,6%-i tikintidə, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrufatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən məbləği 2 239,4 manat (1 440,2 ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda iqtisadi geriləmə tempi 4,5% olub.

Son xəbərlər

Orphus sistemi