Yuxarı

​Azərbaycanda icbari sığorta növlərinin sayı artırılacaq

Sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortasının tətbiqi gözlənilir

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda qarşıdakı illər ərzində tətbiq olunan icbari sığorta növlərinin sayı artırılacaq. Belə ki, müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarların və mütəxəssislərin peşə məsuliyyətinin icbari sığortasının, eləcə də bəzi sahələrdə fəaliyyət göstərən sahibkarların üçüncü şəxs qarşısında ümumi mülki məsuliyyətinin icbari sığortasının tətbiqi gözlənilir. "Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən Azərbaycan sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planınında nəzərdə tutulub.

Həmçinin Maliyyə Nazirliyi Azərbaycanın Beynəlxalq Yaşıl Kart sisteminə qoşulması ilə bağlı tədbirlər görəcək, eləcə də ölkədə kənd təsərrüfatı sığortası və icbari tibbi sığorta sisteminin qurulması üçün maraqlı dövlət orqanları ilə iş aparacaq.

Plana əsasən, qarşıdakı illərdə həyat sığortasının inkişafı istiqamətində də tədbirlərin görülməsi nəzərdə tutulub. Bura istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi vasitəsilə bağlanması, eləcə də bu sığorta növünün daha geniş tətbiqi məqsədilə İSB-nin elektron informasiya sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə inteqrasiyası aiddir.

Bundan başqa, qanunvericiliyə həyatın yığım sığortası müqavilələri üzrə fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına tətbiq olunan güzəştlərlə bağlı dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi