Yuxarı
    Bağlamaq

    Azərbaycanda icbari sığorta müqavilələrinin bağlanmasına nəzarət gücləndirilir

    Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosu arasında razılaşma imzalanıb

    Bakı. 2 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu (İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair razılaşma imzalanıb.

    Bu barədə “Report” Palataya istinadən xəbər verir.

    Məlumatda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanının icra edilməsi məqsədi ilə imzalanan razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir.

    Sənədə əsasən məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin “İcbari Sığorta Məlumat Sistemi” (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

    Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş zərərə görə sığorta məbləği 5 000 manat, bir şəxsin həyat və sağlamlığa dəymiş zərər üzrə isə 5 000 manat təşkil edir. Razılaşmanın nəticəsi olaraq ölkədə icbari sığortası olan avtonəqliyyat vasitələrinin sayının artırılmasına nail olunacaq.

    Qeyd edək ki, cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75%-ə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi