Yuxarı

Azərbaycanda icbari avtosığorta üzrə azalma qeydə alınıb

Sığorta müqavilələrinin sayı 10%, sığorta haqlarının məbləği isə 8% azalıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 67 560 müqavilə qeydiyyata alınıb.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, bunun 12 103-nü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,6 mln. manat təşkil edib.

Ötən ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 9,8%, sığorta haqlarının məbləğində isə 8% azalma müşahidə olunub.

Ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 746 518 müqavilə qeydiyyata alınıb. Bunun 132 924-nü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxilolmalar isə 58,5 mln. manat olub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə sığorta müqavilələrinin sayı 8%, sığorta haqları isə 13% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi