​Azərbaycanda faktorinq xidmətindən kimlərin istifadə etdiyi açıqlanıb

​Azərbaycanda faktorinq xidmətindən kimlərin istifadə etdiyi açıqlanıb Yeni bank xidmətinə hələ ki, regionlarda tələbat yoxdur
Maliyyə
12 İyul , 2016 15:01
​Azərbaycanda faktorinq xidmətindən kimlərin istifadə etdiyi açıqlanıb

Bakı. 12 iyul. REPORT.AZ/ "Caspian Development Bank"ın ("CDB Bank") 2 ay öncə Azərbaycan bazarına təqdim etdiyi faktorinq xidmətindən əsasən qida məhsulları istehsal edən sahibkarlar faydalanır. Bunu "Report"a açıqlamasında Bankın Biznesin inkişafı departamentinin direktoru Sənan Həsənov deyib.

Onun sözlərinə görə, söhbət əsasən şirniyyat, eləcə də içməli su istehsalçılarından gedir: "Faktorinqdən istifadə edən müştərilərimiz arasında müxtəlif qənnadı məmulatları, həmçinin müxtəlif ölçülü qablarda içməli su istehsal edən iş adamları var. Bundan başqa, bu qida məhsullarının dükanlara paylanması ilə məşğul olan sahibkarlar da faktorinqdən yararlanırlar".

Bank rəsmisi qeyd edib ki, yeni bank xidmətinə hal-hazırda yalnız Abşeron yarımadasında fəaliyyət göstərən biznesmenlər üz tutub, regionlardan isə müraciət olmayıb: "Bu xidmət hələ ki, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonundakı iş adamlarını əhatə edib. Bu yaxınlarda Bərdə rayonunda da yeni filialımız açılıb. Həmin regionda da faktorinq xidmətinin geniş təqdimatını nəzərdə tuturuq".

Onun sözlərinə görə, ümumilikdə indiyə qədər faktorinq xidməti üçün 15 sahibkar Banka müraciət edib: "Bu sahibkarlardan 8-nə müsbət cavab verilib.Qalan iş adamları ilə danışıqlar davam etdirilir. Onu qeyd edim ki, kredit borcları həddindən çox olan, bundan əvvəlki bank öhdəliklərini icrasında gecikmələrə yol vermiş sahibkarlara maliyyə dəstəyi verilmir. Kredit dəyərləndirilərkən müştərilərin borc öhdəliklərinin həcminə ciddi diqqət yetirilir".

S.Həsənov onu da qeyd edib ki, faktorinq xidməti maksimum 90 günlük nəzərdə tutulsa da, bir çox sahibkarlar əsasən 30 və 60 günlük faktorinq xidmətindən istifadə edirlər. 

Son xəbərlər

Orphus sistemi