Yuxarı

Azərbaycanda dövlət ipoteka kreditlərinin maliyyələşdirilməsi artıb

Müvəkkil bankların ayırdığı kreditlərin həcmi isə son bir ildə 8% azalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü il dekabrın 1-nə müvəkkil banklar tərəfindən maliyyələşdirilmiş dövlət ipoteka kreditlərinin ümumi həcmi 88,6 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 mln. manat və ya 8,1% azdır. "Report" xəbər verir ki, Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirilən kreditlərin həcmi isə 120 mln. manat olub və bu, 2013-cü ilin eyni dövrünə nisbətən 50 mln. manat yaxud 71,4% çoxdur.

Ötən ilin noyabrında verilən ipoteka kreditlərinin orta illik dərəcəsi 6,81% olub ki, bu da oktyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 0,08 faiz bəndi azdır. AİF tərəfindən verilən kreditlərin orta müddəti 279 aydır ki, bu göstərici son bir ildə 0,7% artıb.

Müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 114 manat olub və bu, 2013-cü ilin noyabrı ilə müqayisədə təxminən 2% çoxdur.

Keçən ilin noyabr ayında hər müştəri üçün AİF tərəfindən ipoteka kreditləri üzrə müəyyənləşdirilmiş aylıq ödənişin məbləği 331,6 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi