Yuxarı

​Azərbaycanda dolların qısamüddətli ucuzlaşması mümkündür - PROQNOZ

Dünya bazarında neftin bahalaşması davam edərsə, yaxın günlərdə dolların məzənnəsi 1,0450 AZN/USD-yə düşə bilər

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsinin son 4 gündə 0,0006 manat - 1,0496 AZN/USD-yə qədər enməsi bu günlərdə dünya bazarında neftin qiymətinin son 3 ayın maksimal səviyyəsinə - 62 dollar/barelə kimi yüksəlməsi ilə bağlıdır.

"Report"un məlumatına görə, avronun rəsmi məzənnəsində isə daha ciddi (1,11% və ya 2 qəpikdən çox) - 1,1733 AZN/EUR-a enmə qeydə alınıb. Nəticədə, valyuta məzənnələrinin köhnə qaydada - manatın daha cox dollara bağlı olduğunu, yəni AMB-nin tətbiqini elan etdiyi bivalyuta səbəti sisteminin işləmədiyini görürük.

"Report"un analitik qrupu hesab edir ki, bivalyuta səbətinə keçid baş versəydi, səbətin hədəfi və gündəlik qiyməti (məzənnəsi) açıqlanmalıdır: "Bivalyutalı səbət sistemində daha öncə bildirildiyi kimi, ABŞ dolları 70-80%, avro isə 20-30% paya malik olmalıdır. Bu da son günlərdə dünya bazarında dolların avroya nəzərən möhkəmlənməsi nəticəsində daxili valyuta bazarında da dolların manata qarşı möhkəmlənməsi, avronun isə düşməsi ilə nəticələnməli idi. Azərbaycanda isə dolların cüzi olaraq zəifləməsi, avronun isə kəskin ucuzlaşmasının şahidi olmuşuq".

Yeni başlayan mart ayında Novruz bayramı ilə əlaqədar Azərbaycan əhalisini əhəmiyyətli xərclər gözləyir. Bu isə iztehlak bazarında qiymətlərin artmasına səbəb olacaq.

Valyuta məzənnələrinə gəldikdə isə neftin qiymətinə diqqət yetirmək lazımdır. Böhranın ən pik dövründə "Brent" markalı neftin 1 bareli 47 dollara, WTI markalı neft isə 45 dollara qədər enib. Yəni, bu iki marka neft arasında spred 2 dollara qədər azalmışdır. Hazırda bu spred 13 dollara yaxındır. Yəni "Brent" markalı neft 62 dollar, WTI neft isə 49 dollara satılır. Rusiyanın ixrac etdiyi neft məhz "Light"ın keyfiyyətinə və qiymətinə yaxındır. Bu tip neftin qiyməti isə ciddi artmır, minimum səviyyədən sadəcə 4 dollar - 10% artıb. Halbuki, bu müddətdə "Brent"in qiyməti 33%-ə yaxın yüksəlib. Nəticə etibarı ilə ehtimal var ki, hər iki markalı neftin qiyməti bir qədər də yüksəlsin - "Brent" 75 dollara, "Light" isə 57 dolara qədər.

Azərbaycan neftinin qiyməti isə "Brent"ə bağlı olduğuna görə, yuxarıdakı proqnozlar gərçəkləşərsə, yaxın günlərdə manatın bir qədər də güclənməsinin - dolların təxminən 1,0450 AZN/USD səviyyəsinə qədər enməsinin şahidi ola bilərik. Lakin bunun qısamüddətli olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi