Yuxarı

​Azərbaycanda dolların bahalaşması davam edəcək - RƏY

Ekspert Cavid Əzimov: Ehtimal edirəm ki, bu il dolların məzənnəsi 1,5 manata çatacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən şənbə Azərbaycanda milli valyutanın devalvasiyası, rəsmi məzənnəsinin 33,55% - 1,05 AZN/USD həddinə qədər artması bir sıra siyasi və iqtisadi amillərlə bağlıdır. Manatın kəskin şəkildə dəyərdən düşməsini "Report"a şərh edən müstəqil ekspert Cavid Əzimov qeyd edib ki, bunun 4 əsas səbəbi var. Belə ki, Rusiya-Ukrayna qarşıdurması (bu timsalda Qərb-Rusiya münasibətlərinin gərginləşməsi), dünya bazarında avronun digər sərbəst dönərli valyutalara, xüsusilə də ABŞ dollarına qarşı mövqeyinin tədricən zəifləməsi, neftin qiymətinin düşməsi, qonşu ölkələrdə baş verən milli valyutaların devalvasiyası və s. amillər yekunda manatın da carı məzənnəsinə mənfi təsir göstərib.

"Bu amillər manatın devalvasiyasını qaçılmaz edib. Daha erkən davrananlar artıq üç aydır ki, manatda olan vəsaitlərini dollara çevirib, digərlərinə də bu günlərdə bu şans yaradılmışdır. Mübadilə məntəqələrində nağd dollara tələbat panik həddə çatmışdır. Nəticədə, manat dollar qarşısında 0,7844-dən 1,05-ə yüksəlib", - deyə ekspert bildirib.

C.Əzimov qeyd edib ki, bəzi yerli iqtisadçılar belə bir artımın yüksək olduğunu, digərləri isə devalvasiyanın davam edecəyini düşünürlər: "Düşünürəm ki, artıq hec vaxt sabit məzənnə siyasətinə geri dönülməyəcək. Əsas olan nəticələr və bundan sonra iqtisadiyyatın lokomotiv sahələri olan inşaat, avtomobil, bank sektorları və istehlak bazarında baş verəcək dəyişikliklərdir".

Analitik hesab edir ki, inşaat sektorunda, təbii ki, devalvasiya sonrası qısamüddətli bir canlanma yaşanacaq: "Çünki vəsaitləri manatda qalanlar, yəni dollara çevirməyənlər qiymətlərin artmasından ehtiyat edərək əmlak bazarında canlanma yaradacaqlar. Lakin bu, qısamüddətli olcaq. Devalvasiyanın ikinci dalğasında artıq daha təmkinli olan valyuta sahibləri alışa keçəcəklər. Yəni, devalvasiya davamlı xarakter daşıyacaq. Burada isə ən uyğun məqamı yaxalamaq üçün hələ çox fürsətlər olacaq. Azərbaycanda Əmlak bazarında qiymətlər o qədər yüksəkdir ki, bu qiymətlərin ən pik həddən dollar ekvivalentində 2 dəfə ucuzlaşması mütləqdir. Çünki, əmlak qiymətləri son dünya iqtisadi artımında 10 dəfə yüksəlmişdir. Qiymətlər yüksəldiyi müddətdə ABŞ dolları digər dünya valyutalarına qarşı 2 dəfəyə yaxın zəifləyib. İndi isə dollar güclənir və bu güclənmənin təsiri tədricən gələcək, dünya üzrə nağd vəsait qıtlığı yaşanacaq".

C.Əzimovun fikrincə, avtomobil bazarında tələb cox azalacaq. Artıq bir cox avtodiler manatla satışı dayandırıb, qiymətləri devalvasiyaya uyğun yenidən tənzimləyir: "Ümumiyyətlə, iqtisadiyyatda əmlak sektoru istisna olmaqla, dollarlaşma qaçılmazdır. Çünki, bir çox mal və xidmətlər məhz idxal olunur. Sadəcə olaraq, dollarla alınan mallarda daha yüksək artım, digər valyutalar, xüsusilə avro ilə alınan mallarda daha az artım müşahidə olunacaq. Azərbaycan vətəndaşları ölkə daxilində manatla qazandıqları üçün avtomobil qiymətlərindəki 35%-lik artım onlara cox ciddi təsir edəcək. Bu da özünü avtomobil bazarında hiss etdirəcək".

"Bankların vəziyyəti isə daha pisdir. Bəzi böyük bankların xaricdən valyuta ilə kreditlər alıb manatla kredit verdiyi məlumdur. Hətta valyutada versələr belə, kreditalanların devalvasiyadan sonra artıq məhkəməyə şikayət hazırladığı barədə məlumatlar var. Dövlət isə valyuta ilə kredit götürənlərə dəstək verəcəyini bəyan edib. Deməli, bankların da dövlət dəstəyinə ehtiyacı var. Əks halda, bəzi bankların müflisləşdiyini görə bilərik. Belə bir şəraitdə depozitlərə olan dövlət zəmanətinin artırılması məqsədəuyğundur. Çünki təşvişə düşən müştərilər banklardakı depozitlərini geri götürə bilər. Həmçinin, banklar manat və xarici valyutada olan depozitlərin faizlərində fərq qoymalıdır. Yəni, manatla faizlər iqtisadiyyat sabitləşənə qədər yüksəldilməlidir. Əks halda manat əmanətlərinin kütləvi şəkildə dollara konvertasiyası baş verə bilər və bu, manat əməliyyatlarında problem yaradar. Devalvasiya olan manata ödənilən faiz xarici valyutaya ödənilən faizdən yüksək olmalıdır", - deyə iqtisadçı bildirib.

Bundan başqa, ekspert manatın devalvasiyasın ümumiyyətlə istehlak bazarına təsirinin də şərh edib: "İstehlak bazarı böhran səbəbindən daralacaq. Devalvasiya sonrası malların satışını dayandırmaq isə cox gülməlidir. Çünki artıq neçə aydır satıçlar cox zəifləmişdir və devalvasiya malların əridilməsi üçün bir şansdır. İstehlak bazarında "önəm" faktoru üzə çıxacaq. Yəni, çox önəm kəsb etməyən, zəruri olmayan mallara tələbat azalacaq".

"Valyuta bazarı ilə bağlı isə proqnoz vermək çətin olsa da, faktiki olaraq devalvasiyadan sonra da banklarda valyutaya olan tələbatın zəifləmədiyini görürük. Bu isə önümüzdəki dönəmdə dünya bazarında baş verəcək hər hansı bir neqativ xəbərdə özünü büruzə verəcək. Yəni, maliyyə bazarı hazırkı məzənnəni yetərli saymır və manatın devalvasiyasının davam edəcəyini düşünür. Düzdür, Rusiyda da dolların məzənnəsi 80 RUB/USD səviyyəsinə kimi yüksəldikdən sonra hazırda 63 rubla enib. Amma unutmayaq ki, bu qiymət qısamüddətli, həcmsiz, yəni tələbin az olduğu bir şəraitdə müşahidə edilib və spekulyativ xarakter daşıyıb. Bizdə isə valyutaya real tələb var. Yəni hələ spekulyasiya yoxdur, insanlar real olaraq valyuta almaq istəyir", - deyə analitik qeyd edib.

C.Əzimov hesab edir ki, ABŞ valyutasının dünya bazarında güclənməsi, Ukrayna problemi, neftin ucuzlaşması dolların daxili bazarda da dəyərini yüksəldəcək: "Ehtimal edirəm ki, bu il dolların məzənnəsi 1,5 AZN/USD-yə çatacaq. İqtisadiyyat tam şəkildə sakitləşənə, maliyyə sabitliyi yaranana qədər insanlar gözləməyə davam edəcək. Çünki, sadaladığım amillər insanları ehtiyatlı olmağa vadar edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi