Yuxarı

Azərbaycanda dolların alış-satış məzənnəsi sabitləşib

Kommersiya banklarının Mərkəzi Bankdan aldığı dollar kütləsi 50 mln. dollara düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupunun bu gün 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış və satışının stabilləşdiyi qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,63 AZN, satışı isə 1,65 AZN olub. Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi 1,66-1,67 AZN təşkil edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5610 AZN/USD səviyyəsində açıqlansa da, bu gün keçirilən valyuta hərracında tələbin zəifləməsi nəticəsində valyuta bazarında nisbi bolluq müşahidə olunur. Valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutaya olan tələbatın azalması fonunda AZN/USD məzənnəsinin tədricən AMB-nin rəsmi məzənnəsinə yaxınlaşacağını istisna etmirlər.

Məlumat üçün bildirək ki, AMB bu gün kommersiya banklarına 50 mln. dollara yaxın valyuta satıb.

Qeyd edək ki, valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb. Bayram günlərində məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirdikləri bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi