​Azərbaycanda deflyasiya riskləri artır - TƏHLİL

​Azərbaycanda deflyasiya riskləri artır - TƏHLİL "Report": Bu il ölkədə nağd pul kütləsi 20% azalıb
Maliyyə
16 Aprel , 2015 18:16
​Azərbaycanda deflyasiya riskləri artır - TƏHLİL

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları bu ilin fevral ayı ərzində 11,4% artaraq mart ayının 1-nə 22 575,7 mln. manat təşkil edib. Bununla yanaşı, geniş mənada pul kütləsi 2,2% azalaraq 20 115,2 mln. manata düşüb. Manatla geniş pul kütləsi (manatla depozitlər və nəğd manat kütləsi) isə 16,2% azalaraq 13 607 mln. manat təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, manatla olan vəsaitlərin azalması bu pul kütləsinin xarici valyutaya konvertasiyası prosesinin fevralda sürətlənməsi ilə bağlıdır. Manatın dövretmə sürəti isə hesabat ayında 17% artaraq 3,14 bənd təşkil edib. Bu, inflyasiyanın artması və dövriyyədə olan pul kütləsinin azalması nəticəsində baş verib. Qeyd edək ki, manatın dövretmə sürəti qiymət indeksi ilə məhsul buraxılışının dövriyyədə olan pul kütləsinə nisbətini əks etdirir.

Bundan başqa, banklardan kənarda pul kütləsi (M0 aqreqatı) fevral ayında 14,9% azalaraq 7 958 mln. manat, manatla depozitlər 22% azalaraq 3 499 mln. manat təşkil edib. Nəticədə M2 pul aqreqatı 16,2% azalaraq 13 607 mln. manat olub. Buna baxmayaraq, valyutada depozitlər 50,2% artaraq 6 508 mln. manata çatıb. Bu da əsasən devalvasiya öncəsi xarici valyutaya yaranan tələbatla bağlı olub.

Eyni zamanda, pul multiplikatoru fevralda 10% artaraq 2,1 bənd təşkil edib. Bunun səbəbi M3 aqreqatının təqribi sabit qalması fonunda pul bazasının 9,5% azalması ilə bağlıdır.

Dövriyyədə olan nağd pul fevralda 14,2%, ilin əvvəlindən isə 19,8% azalaraq martın 1-nə 8 701 mln. manat təşkil edib. Bu isə öz növbəsində Azərbaycanda deflyasiyaya səbəb ola bilər. Devalvasiya nəticəsində idxal olunan malların bahalaşması deflyasiyanın qarşısını bir qədər alsa da, 2015-ci ilin ikinci yarısında aylıq deflyasiyanın özünü daha aydın büruzə verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi