Azərbaycanda daşınmaz əmlakın icbarı sığortası bazarı 73% artıb

Azərbaycanda daşınmaz əmlakın icbarı sığortası bazarı 73% artıb May ayında üç icbari sığorta növü üzrə 14,6 min müqavilə bağlanıb
Maliyyə
8 İyun , 2015 08:17
Azərbaycanda daşınmaz əmlakın icbarı sığortası bazarı 73% artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda cari ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2,133 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,34 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1,404 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 8,5%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,9%, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında isə 57% azalma müşahidə edilib.

Qeyd edək ki, ötən ilin may ayı ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma olsa da, sığorta haqlarının məbləğində 73% artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34%-i yaşayış evləri və mənzillər, 1,1%-i inzibati binalar, 17,56%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Son xəbərlər

Orphus sistemi