Azərbaycanda manat əmanətlərini bahalaşdıran bankların sayı artır

Azərbaycanda manat əmanətlərini bahalaşdıran bankların sayı artır Daha üç bank milli valyuta əmanətlərinin gəlirliliyini artırıb
Maliyyə
23 Sentyabr , 2016 11:15
Azərbaycanda manat əmanətlərini bahalaşdıran bankların sayı artır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha üçü manatla qəbul etdikləri əmanətlərin illik faiz dərəcələrini artırıb. 

"Report" xəbər verir ki, söhbət "AG Bank", Muğanbank" və "NBC Bank" ASC-lərdən gedir.

Məlumata görə, hazırda "AG Bank"da milli valyuta ilə 1 illik əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq 13%-15%-lə qəbul edilir. Bundan əvvəl illik gəlirlilik 12% olub.

"Muğanbank" isə manat əmanətlərinin gəlirliliyini 16%-ə çatdırıb. Belə ki, 1 illik əmanətlərin gəlirliliyi faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq 15-16% təşkil edir. Halbuki, indiyə qədər Bank əmanətin növündən, faizlərin götürülmə tezliyində asılı olaraq manatla yerləşdirilmiş vəsaitə görə illik 12-13% dividend ödəyib.

"NBC Bank"da milli valyuta ilə 1 illik əmanətlərdən "Maximum" əmanəti üzrə faizləri 13,5%-dən 15%-ə, "Avans əmanəti" üzrı 11%-dən 13%-ə, aylıq əmanətlərdə isə 6%-dən 8%-ə qaldırıb. 

Xatırladaq ki,  manat əmanətlərindəki faiz artımı sentyabrın 16-dan etibarən bütün milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12%-dən15%-ə qaldırılması ilə əlaqədardır. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə isə bu faiz dərəcəsi 3% təşkil edir. 

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 51,1 mln. səhm əsasında formalaşıb. Səhmlərin 31,68%-i Çingiz Əsədullayevə (Müşahidə Şurasının sədri), 8,3%-i Qriqoriy Marçenkoya, 5,97%-i Fərzulla Yusifova, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i "Kazimir Partners" şirkətinə, qalan 47,5%-i isə 80 minoritar səhmdara məxsusdur.

"Muğanbank" isə 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 000 səhm əsasında formalaşıb. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyev (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyeva, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

"NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Bankın səhmlərinin 91,25%-i 6 fiziki şəxsə, 8,75%-i isə 2 hüquqi şəxsə məxsusdur. "NBC Bank" "Nurgün" Şirkətlər Qrupuna daxildir. Elə Bankın hüquqi şəxs olan səhmdarlarından biri adı çəkilən holdinq, fiziki şəxs olan səhmdarların biri isə holdinqin prezidenti Əliyev Nuru Yaşar oğludur.

Son xəbərlər

Orphus sistemi