Yuxarı

Azərbaycanda daha 19 sahibkara investisiya təşviqi sənədi verilib

Layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təxminən 500 mln. manat həcmində investisiya yatırılacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumları və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 19 sahibkara investisiya təşviqi sənədi təqdim olunub.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, sahibkarlığın inkişafi, biznes mühitinin yaxşılaşdırılması, iqtisadi və investisiya fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyətlidir: "İqtisadi inkişaf proqramının təməli dayanıqlı qoyulub. Qeyri-neft, sahibkarlıq sahələrinin inkişafı istiqamətində bir çox mühüm tədbirlər reallaşdırılıb. İqtisadi inkişafın davamlılığının təmin olunmasında investisiyaların prioritet sahələrə cəlb edilməsi olduqca əhəmiyyətlidir. Bu məqsədlə müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir. Burada rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır".

Nazir müavini qeyd edib ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün ümumi investisiya məbləği 40 mln. manatdan çox olan 8 layihənin icrası və 500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur: "Masallı Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir. Eyni zamanda, Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər görülür. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə dövlət başçısının fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunub. Artıq bir çox sahibkarlar bu imkandan yararlanır. Belə ki, bugünkü tədbir çərçivəsində təqdim edilən 19 investisiya təşviqi sənədini də nəzərə alsaq, indiyədək sahibkarlara 51 investisiya təşviqi sənədi təqdim olunub. Bu layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təxminən 500 mln. manat həcmində investisiya yatırılacaq. Eyni zamanda, 4 minə yaxın yeni iş yeri açılacaq. Bundan başqa, 7 iqtisadi rayonu əhatə edən bu layihələr qeyri-neft sektorunun müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, tütün məmulatlarının istehsalı, yüngül sənaye, tikinti materiallarının və digər sahələri əhatə edir".

Sonra “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov, “Alman Fasad Texnologiyaları” MMC-nin nümayəndəsi Uğur Babayev, “Karvan-L Eko” MMC-nin direktoru Əbülfəz Qafarov, “Rich-S.A” MMC-nin direktoru Əvəz Səfərli və “Buta Group” MMC-nin direktoru Bəşir Quliyev çıxışlarında investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıblar.

Sonda N.Səfərov şirkət rəhbərlərinə investisiya təşviqi sənədlərini təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi